“Fövqəladə hallar könüllüləri” proqramına qeydiyyat başlayıb
Fövqəladə hallara hazırlıq üzrə tədbirlərdə gənclərin fəal iştirakını təmin etmək, o cümlədən təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə əlaqədar gənclərin dəstəyindən faydalanmaq məqsədilə Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşəbbüsü və tərəfdaşlığı ilə “Fövqəladə Hallar Könüllüləri” Proqramı fəaliyyət göstərir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, proqrama qoşulmaq üçün təhsil səviyyəsindən asılı olmayaraq, 18-30 yaş arası şəxslər müraciət edə bilər.
İlkin qeydiyyat və müsahibə mərhələlərini uğurla başa vurmuş iştirakçılar nəzəri və təcrübi biliklər qazanmaq üçün Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən yanğın təhlükəsizliyi, mülki müdafiə, axtarış-xilasetmə işi, ilk yardım, ilkin psixoloji yardım, su hövzələrində təhlükəsizlik, fövqəladə hallar zamanı davranış qaydaları və digər sahələr üzrə təlimlərə cəlb olunacaqlar.
Təlim proqramını uğurla başa çatdırmış könüllülərə proqramın sonunda Fövqəladə Hallar Nazirliyi tərəfindən müvafiq sertifikat veriləcək.
Könüllü kimi fəaliyyət göstərmək istəyən şəxslər bu il mart 28-dək http://www.fh.konullu.az/ səhifəsinə daxil olmaqla müraciət edə bilərlər.