Mərkəzi Neftçilər Xəstəxanasının yeni açılan şöbəsində qısa zamanda 100-dən çox pasiyentə xidmət göstərilib
TƏBİB vətəndaşların keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığını təmin etmək və xidmət keyfiyyətini yüksəltmək məqsədilə tibb müəssisələrinin maddi-texniki bazasını yeniləmək və təkmilləşdirməkdə davam edir. Artıq bir sıra xəstəxanalarda həyata keçirilən bu proses öz effektini verməkdədir .
TƏBİB-dən AZƏRTAC-a bildirilib ki, bir neçə ay bundan əvvəl əsaslı təmir-bərpa işlərindən sonra açılışı olan Mərkəzi Neftçilər Xəstəxanasının Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində qısa zamanda 100-dən çox pasiyentə xidmət göstərilib.
İlin əvvəlindən bu günə qədər şöbəyə xəstəxananın digər şöbələrindən vəziyyəti ağır qiymətləndirilən 42, qəbul şöbəsindən isə 71 xəstə daxil olub və onlara reanimotoloji xidmətlər göstərilib.
Məlumat üçün bildirək ki, yenidənqurma işlərindən sonra şöbə yeni və ən müasir tibbi avadanlıqlar, cihazlarla təchiz olunub. Belə ki, şöbə hemodializ və süni tənəffüs aparatları, tam təminatlı kardiomonitorlar, infuzomatlar, perfuzorlar, videolarinqoskop, sorucu cihaz, defibrilyator, çoxfunksiyalı çarpayılar, portativ rentgen, USM, EXO cihazları, qan qızdırıcı, havalı döşəklər və s. ilə təmin olunub.
Hazırda şöbədə 21 həkim anestezioloq-reanimatoloq çalışır.
Mərkəzi Neftçilər Xəstəxanasının nəzdində Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin açılışı 2023-cü il dekabrın 18-də olub.