ÜST: Bir milyarddan çox insan piylənmədən əziyyət çəkir
“Lancet” elmi jurnalında dərc olunan yeni araşdırmaya görə, 2022-ci ilə qədər 1 milyarddan çox insan və ya planetin sakinlərinin hər səkkiz nəfərindən biri piylənmədən əziyyət çəkib. 1990-cı ildən bəri böyüklər arasında qlobal piylənmə nisbətləri iki dəfədən çox, uşaqlar və yeniyetmələr (5-19 yaş) arasında isə dörd dəfə artıb. Həmçinin “Lancet”in məlumatına görə, 2022-ci ildə dünya üzrə böyüklərin 43 faizi artıq çəkidən əziyyət çəkirdi.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tədqiqat üçün məlumatların toplanmasına və təhlilinə öz töhfəsini verib. AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, məlumatların tam toplusu ÜST-nin qlobal sağlamlıq müşahidə portalında yerləşdirilib.
Tədqiqat göstərir ki, yetərli olmayan qidalanmanın azalması tendensiyasına baxmayaraq, bu, xüsusilə Cənub-Şərqi Asiya və Səhra bölgəsindən Cənub-Qərbi Afrikaya qədər ərazidə əhali arasında ciddi problem olaraq qalır. ÜST-nin məlumatına görə, 5 yaşınadək uşaqlarda ölüm hallarının yarısının səbəbi qida çatışmazlığıdır.
Öz növbəsində, piylənmə ürək-damar xəstəlikləri, diabet və bəzi xərçəng növləri kimi qeyri-infeksion xəstəliklərə səbəb ola bilər.
2022-ci ildə çəkinin azlığı və piylənmənin ən yüksək ümumi göstəriciləri Sakit okean və Karib hövzəsindəki ada ölkələrində, Yaxın Şərq və Şimali Afrikada qeydə alınıb.
ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus deyib: “Yeni tədqiqat pəhriz, fiziki fəaliyyət və lazım gəldikdə müvafiq tibbi yardım vasitəsilə həm erkən, həm də yetkinlik dövründə piylənmənin qarşısının alınması və müalicəsinin vacibliyini vurğulayır”.
Onun sözlərinə görə, qlobal piylənmə ilə mübarizə hədəflərinə nail olmaq elmi sübuta əsaslanan müdaxilələr və ÜST tərəfindən dəstəklənən hökumətlərin, cəmiyyətlərin və ictimai səhiyyə agentliklərinin kollektiv səylərini tələb edəcək. Qebreyesus məhsulların istehlakçıların sağlamlığına təsirindən məsul olan özəl sektorun əməkdaşlığının da zəruri olduğunu vurğulayıb.
Piylənmə ağır xroniki xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatının bəyanatına görə, mütəxəssislər piylənmənin geniş yayılmasının səbəblərini və bu böhranın qarşısını almaq üçün lazım olan elmi cəhətdən sübut edilmiş tədbirləri yaxşı bilirlər. Lakin təşkilatda qeyd edirlər ki, onlar həyata keçirilmir.
2022-ci ildə Ümumdünya Səhiyyə Assambleyasında üzv dövlətlər 2030-cu ilə qədər ölkə səviyyəsində səyləri dəstəkləmək məqsədi daşıyan piylənmə ilə mübarizə üçün ÜST-nin sürətli tədbirlər Planını razılaşdırıblar.
Bu günə qədər 31 hökumət həmin planın həyata keçirilməsinə başlayıb, bu sənədə başqa tədbirlərlə yanaşı, məktəblərdə qidalanma və bədən tərbiyəsi, qida məhsullarının etiketlənməsi, piylənmənin qarşısının alınması və müalicəsi xidmətlərinin ilkin səhiyyə xidmətinə inteqrasiyası da daxildir.