Müasir İncəsənət Muzeyində rəssam Günel Ravilovanın sərgisi açılıb


Müasir İncəsənət Muzeyində rəssam Günel Ravilovanın “E TİRAZ” adlı fərdi sərgisinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, qadın mövzusuna həsr olunan sərginin ekspozisiyasında 40-a yaxın rəngkarlıq və müxtəlif ölçüdə olan qrafik əsərlər tamaşaçılara təqdim olunub.
Açılışda çıxış edən Xalq rəssamı, professor Arif Hüseynov bildirib ki, Günel Ravilova əsərlərində daha çox qadın obrazı və qadın problemlərinə toxunur. "Günel xanım həmişə axtarışda olan bir rəssamdır. Onun özünə aid qrafikaları, rəngkarlıq işləri var. Hər işdə də özünün fəlsəfəsi var. Bu fəlsəfə də odur ki, bütün qadınların problemlərini həll etmək istəyir. Məhz əsərlərində də bunu çox aydın əks etdirir", - deyə A.Hüseynov qeyd edib.
Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva qadın obrazına həsr olunan bu sərginin çox maraqlı olduğunu deyib. "Azərbaycanda rəssamlara yaxşı şərait yaradılıb. Onlar ictimaiyyətə öz əsərlərini belə sərgilər vasitəsilə göstərə bilirlər. Bu çox önəmlidir. Günel xanımın özünəməxsus yanaşması və üslubu var", - deyə deputat diqqətə çatdırıb.
Sonra çıxış edən Günel Ravilova hər dəfə əsərlərində qadın mövzusuna toxunduğunu vurğulayaraq deyib: "Mən əsərlərimdə qadın həyatını, yaşadığı dövrü, sevgisini göstərməyə çalışıram. İşlərimə baxdığınızda görəcəksiniz ki, əsərlər həyat tərzidir, danışan əsərlərdir, hamısında nələrisə deməyə çalışmışam".
Rəssamı narahat edən problemlərdən ən başlıcası cəmiyyətdə qadınlara qarşı doğulduğu andan münasibətlə bağlıdır. Cəmiyyətdə daimi təzyiq və qadınlara qoyulan sərhədlər səbəbindən mübarizə aparmaq çox çətinləşir və bununla qorxular yaranır. Ailə qurmamaq, müəyyən yaşa qədər layiqli ailə qurmağa vaxt tapmamaq, sosial statusuna uyğun olmayan bəy seçmək, hətta ömrünü tək keçirmək qorxusu - bütün bu inanclar nəsildən-nəslə keçir, çünki bütün bu çətinliklərdən keçmiş, qızlarını qorumağa çalışan analar özləri də istəmədən qorxularını onların üzərinə qoymağa başlayırlar.
Günel Ravilova sənətkar ailəsində böyüyüb. 1998-ci ildən indiyədək bir çox sərgilərdə uğurla iştirak edib. Həmçinin “Qadınlara qarşı zorakılıq” adlı sərgidə birinci yerə layiq görülüb. Onun möhtəşəm rəsmləri müxtəlif sərgilərdə nümayiş etdirilib, birinci yerə, bir çox mükafat və diplomlara layiq görülüb. Həmçinin onun “Fransız öpüşü” adlı əsəri Mənzər Hacıyeva Moda Evinin təşkil etdiyi “Paint a Scarf” müsabiqəsində birinci yerə və diploma layiq görülüb.
Hazırda Günelin əsərləri həm şəxsi qalereyalarda, həm də dünyanın müxtəlif ölkələrində yerləşən muzeylərdə nümayiş etdirilir.
Günel ilk dəfə rəsmlərini doğulduğu Bakıda sərgiləyib. Yaradıcılığı ilə bağlı söz-söhbətlər yayıldıqca, o, Türkiyə, İtaliya, Latviya, Avstriya, Fransada, 2014-cü ildə "Artletka" adlı əsəri ilə Palermo (İtaliya) və Parisdə (Fransa) keçirilən sərgilərdə iştirak edib.
Sərgi martın 10-dək davam edəcək.