BMT-nin ətraf mühit üzrə altıncı Assambleyasının (UNEA-6) iştirakçıları iqlim dəyişikliyi, havanın çirkləndirilməsi ilə mübarizə, habelə təbiəti bərpa etmək əzmini bir daha təsdiq ediblər. Ölkələr nazirlər səviyyəsində verilən yekun deklarasiyada plastiklə cirkləndirməyə qarşı mübarizə üzrə beynəlxalq sənəd ətrafında danışıqlar aparılması öhdəliyini götürüblər.
AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, təşkilatın ətraf mühit üzrə Assambleyasının Nayrobidə keçirilən iclası 15 qətnamənin və kimyəvi maddələr və tullantılarla lazımi davranış qaydaları, çölləşmənin qarşısının alınması, torpaqların deqradasiyası, habelə su ehtiyatlarının qorunması sahəsində siyasətin gücləndirilməsi məsələlərini əhatə edən iki qərarın qəbul edilməsi ilə başa çatıb.
Yekun sənəd – nazirlər Deklarasiyasında BMT-yə üzv dövlətlər plastik çirkləndirilməsi ilə bağlı hüquqi cəhətdən icbari beynəlxalq sənədin işlənib hazırlanması üzrə birgə danışıqların aparılması öhdəliyini götürüblər.
Son iclasda Assambleyanın sədri, Mərakeşin enerji keçidi və davamlı inkişaf naziri Leyla Benali yekun mətni hazırlamağa imkan verən “konstruktiv əməkdaşlığa, çevikliyə və kollektiv zəkaya” görə bütün nümayəndə heyətlərinə təşəkkür edib.
Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) baş direktoru İnqer Andersen xalis sıfır emissiyaya keçid, münaqişələr zamanı və sonra ətraf mühitin qorunması, kimyəvi maddələrin və tullantıların idarə edilməsinin təkmilləşdirilməsi və qum və toz fırtınaları ilə mübarizə üçün zəruri olan metallar və minerallar üzrə qətnamələrin əhəmiyyətini vurğulayıb.
“Bizim, həmçinin beynəlxalq ictimaiyyətin iqlim dəyişikliyinin qarşısını almaq, təbiəti və Yer kürəsini bərpa etmək və çirklənmədən azad dünya yaratmaq öhdəliyini bir daha təsdiqləyən nazirlər bəyannaməsi var”, -deyə o əlavə edib.
Assambleya ətraf mühitlə bağlı məsələlər üzrə dünyanın ən yüksək qərar qəbul edən orqanıdır və 193 üzv dövləti birləşdirir. Bu qurumun qətnamələri hüquqi qüvvəyə malik olmasa da, onlar qlobal ekoloji sazişlər və milli siyasətlərin inkişafı yolunda mühüm ilk addım kimi qiymətləndirilir.İnqer Andersen mətbuat konfransında bununla bağlı qeyd edib ki, bir çox qətnamələr dərhal beynəlxalq qanunlara və ya milli qaydalara çevrilməyəcək, lakin keçmiş təcrübəyə əsaslanaraq deyə bilərik ki, bu, ortamüddətli perspektivdə baş verəcək. O əlavə edib: “İnanıram ki, bu qətnamələrə əsaslanaraq, biz gələcəyi dəyişə biləcəyik”.
Assambleyanın altıncı sessiyasında 182 ölkədən 7 min nümayəndə, o cümlədən 170 nazir, həmçinin ekspertlər, fəallar və sənaye dairələrinin nümayəndələri iştirak ediblər.