Cənubi Koreyanın hərbi kəşfiyyat peyki Pxenyanın şəkillərini çəkib
Cənubi Koreyanın ötən ilin dekabrında istifadəyə verilmiş ilk hərbi kəşfiyyat peyki Şimali Koreyanın paytaxtı Pxenyanın şəkillərini çəkməyə müvəffəq olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Yonhap agentliyi Cənubi Koreyanın hərbi mənbələrinə istinadla məlumat yayıb. Mənbə elektro-optik infraqırmızı peykin sınaq rabitəsində Şimali Koreyanın müxtəlif yerlərinə, o cümlədən paytaxt Pxenyanın mərkəzi hissəsinə dair ötürdüyü şəkillərin keyfiyyətinin normal olduğunu bildirir. “Fotolarda Pxenyanın küçələrindəki nəqliyyat vasitələri aydın görünür”, - deyə mənbə açıqlayıb. Bildirilib ki, Pxenyanın mərkəzində Koreya Fəhlə Partiyasının baş qərargahı, o cümlədən ölkə lideri Kim Çen Inın ofisi yerləşir.
Qeyd edək ki, Cənubi Koreyanın yerli istehsal hərbi kəşfiyyat peyki ötən il dekabrın 2-də ABŞ-ın Kaliforniya ştatındakı kosmik qüvvələr bazasından orbitə yola salınıb. Bu peyk Cənubi Koreyanın Şimali Koreya haqqında kəşfiyyat məlumatları, o cümlədən fotoları müstəqil şəkildə əldə etməsi məqsədilə istifadəyə verilib. Növbəti mərhələdə - apreldən başlayaraq peyk yüksək ölçülü şəkillər də çəkib ötürəcək. İyun-iyul aylarında isə onun tam şəkildə istismarının başlayacağı gözlənilir.
Cənubi Koreya Şimali Koreyanı müşahidə üçün 2025-ci ilədək daha 4 kəşfiyyat peykini orbitə çıxarmağı hədəfləyib.