Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “Albalı bağında” layihəsi təqdim edilib


Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində quruluşçu rejissor Vəfa Qavrilovanın “Albalı bağında” sənədli-səhnələşdirilmiş layihəsinin nümayişi olub. Tədbir çərçivəsində, həmçinin sahibsiz heyvanlara kömək məqsədilə təşkil edilən xeyriyyə sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, tədbirin təşkilatçıları qismində Bakıdakı Rus evi, “Nargiz Art Studio” və Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi çıxış ediblər.
Xeyriyyə aksiyasında tanınmış rəssamlar iştirak ediblər. Sərgi “Albalı bağında” sənədli-səhnələşdirilmiş layihəsinin nümayişi çərçivəsində keçirilib. Azərbaycanın Əməkdar artisti, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru Boris Qrafkin, “O2” teatrının aktrisası İrina Yakubenko, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının artisti İqor Yadrov, Rus evinin mədəniyyət layihələrinin kuratoru Vəfa Qavrilova tamaşaçılara detektiv təhqiqat elementləri olan maraqlı hekayə təqdim ediblər.
Tədbirdən əvvəl AZƏRTAC-ın müxbiri Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru Anna İbrahimbəyova ilə söhbət edib.
Mərkəzin rəhbəri deyib: “Çexov həmişə aktualdır! Pyesi oxumamışdan əvvəl onun əsasında hazırlanan tamaşaya baxacağam. Heyvanlar üçün təşkil edilən xeyriyyə sərgisinə gəldikdə, bunun çox gözəl təşəbbüs olduğunu düşünürəm. Heyvanları çox sevirəm. Maqsudla birlikdə həmişə it saxlamışıq. Bəzən onların sayı çox olub, küçə itləri də yemək üçün bizə gəlirdi. Əvvəlcə şübhə edirdim ki, bütün bu işləri necə yerləşdirəcəyik, çünki bizim sərgi məkanımız yoxdur. Biz, əsasən, ədəbi-musiqili axşamlar, tamaşalar, ədəbiyyat dərsləri, tələbələrlə tədbirlər keçiririk. Sərgiyə isə ilk dəfədir ev sahibliyi edirik. Amma gördüyünüz kimi, rəsmləri yaxşı yerləşdirə bilmişik. Hətta düşündüyümdən də əla alınıb”.
Bakıdakı Rus evinin rəhbəri İrek Zinnurov tədbir haqqında məlumat verib: “Biz iki tədbiri - “Albalı bağında” tamaşasını və xeyriyyə sərgisini birləşdirməyə qərar verdik. Anna xanım bu ideyanı səmimiyyətlə dəstəklədi və bizə Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzini ayırdı. Düşünürəm ki, bu evdə olan ab-havadan danışmağa ehtiyac yoxdur, çünki o, yaradıcı düşüncələrlə hopdurulub. Yəqin ki, bura gələn hər kəs bunu hiss edir. Bu il “Albalı bağı” tamaşasının 120 illiyi qeyd olunur, gəlin indi də yeni interpretasiyaya baxaq. Sərgiyə gəlincə, bu, bizim rəssamların təşəbbüsüdür: onlar heyvanlara həsr olunmuş rəsmlər təqdim ediblər və bu əsərlərin satışından toplanacaq bütün vəsait heyvanlara yardıma yönəldiləcək”.
Öz növbəsində, “Nargiz Art Studio”nun təsisçisi, rəssam Nərgiz Quliyeva söhbət əsnasında bildirib: “Biz artıq ikinci dəfədir ki, belə bir sərgi keçiririk. Birincisi keçən ilin yazında oldu və o, həm də heyvanlara həsr olunmuşdu. Həmin sərgi böyük uğur qazanmışdı. O tədbirin davamı olaraq daha bir sərgi keçirmək və onu tamaşa ilə birləşdirmək istədik. Anna xanım layihəmizi dəstəklədi, buna görə biz ona xüsusilə minnətdarıq. Rəsmlər xüsusi olaraq bu sərgi üçün yaradılıb. Onların arasında uşaqların – “Nərgiz Art Studio” rəssamlıq studiyasının tələbələrinin və böyüklərin əsərləri var. Layihədə yaşlı rəssamlar da - Rəssamlıq Akademiyasının professoru Namiq Məmmədov, Azərbaycan Rəssamlar İttifaqının üzvləri Mirazər Abdullayev, Leyla Əliyeva və başqaları kimi tanınmış fırça ustaları iştirak ediblər”.
Şəhərin yaradıcı ziyalılarının nümayəndələrini bir araya toplayan tədbir böyük uğurla keçib.