Rəşad Sadiqov: Həmin epizodu bir neçə dəqiqə VAR-da yoxlamağa ehtiyac yox idi
“Qarabağ”ın bu həftə Avropa Liqasının 1/8 final mərhələsində Almaniya “Bayer”i ilə vacib oyunu olmasına baxmayaraq, “Neftçi” ilə matça əsas heyətlə çıxmışdı. Bu da Ağdam təmsilçisinin rəqibinə ciddi yanaşması demək idi”.
Bu sözləri açıqlamasında veteran futbolçu Rəşad Sadiqov ötən gün Azərbaycan Premyer Liqasının XXV turunda “Qarabağ”ın səfərdə “Neftçi”yə 4:1 hesabı ilə qalib gəldiyi görüş barədə danışarkən deyib.
Müxtəlif illərdə hər iki komandanın formasını geyinən veteran yarımmüdafiçi “Qarabağ”ın layiqli qələbə qazandığını bildirib: “Neftçi” oyuna yaxşı başlamışdı. Birinci hissə “ağ-qaralar” üçün uğurlu keçdi. Lakin ikinci yarıda Qurban Qurbanovun kollektivi üstünlüyü ələ almağı bacardı. Son dəqiqələrdə buraxılan qollar komandanın irəli getməsi ilə bağlı oldu. Düzdür, paytaxt təmsilçisinin müdafiəsində olan səhvlər açıq-aşkar görünürdü, ancaq qol vurmağa görə bütün qüvvə ilə rəqibin qapısı önünə getdiyiniz zaman boşluqlara yol verirsiniz. Bu da futbolda “intihar”a bənzəyir”.
O, matçın birinci dəqiqəsində “Neftçi”nin kapitanı Emin Mahmudova qarşı kobudluq edən Marko Yankoviçin epizodunu da şərh edib: “Məncə, hakim həmin epizodda haqlı olaraq sarı vərəqə göstərdi. Çünki Marko Yankoviç Eminin arxadan topa gəldiyini görmürdü. Ehtiyatsızlıqdan Mahmudovun ayağına toxundu. Bu vəziyyəti bir neçə dəqiqə VAR-da yoxlamağa da ehtiyac yox idi”.
Azərbaycan millisinin sabiq üzvü “Neftçi”nin baş məşqçisi Miodraq Bojoviçin oyundan sonra təşkil olunan mətbuat konfransında “4:1 hesablı məğlubiyyət ədalətli nəticə deyildi” fikrinə də münasibət bildirib: “Yəqin ki, baş məşqçi son dəqiqələrdə buraxılan qolları nəzərdə tutur. Lakin bu cür derbi oyunlarında hansı hesabla uduzmağının əhəmiyyəti yoxdur. Çünki məğlubiyyət elə məğlubiyyətdir”.
Qeyd edək ki, bu nəticədən sonra xallarını 60-a çatdıran “Qarabağ” turnir cədvəlinə başçılıq edir. “Neftçi” isə 36 xalla üçüncü pillədə qərarlaşıb.