Bezos sərvətinə görə Maskı üstələyib
“Amazon”un qurucusu Ceff Bezos bazar ertəsi günü “Bloomberg”in milyarderlər indeksində İlon Maskı taxtdan salaraq, dünyanın ən varlı adamı titulunu geri alıb.
“Bloomberg” agentliyinə istinadla xəbər verir ki, Bezosun xalis sərvəti 200 milyard dollar təşkil edir. “Tesla” şirkətinin rəhbəri Maskın isə 198 milyard dollarlıq sərvəti var.
“X” (əvvəllər “Twitter”) və “SpaceX”ə də rəhbərlik edən İlon Mask “Tesla”nın səhmlərinin son aylarda 25 faiz ucuzlaşması səbəbindən sərvətinin 30 milyard dollardan çox azaldığını bildirib. Maskın problemlərinə əlavə olaraq, yanvar ayında məhkəmə onun 55,8 milyard dollar dəyərində olan və 2018-ci ildə imzalanmış nəhəng “Tesla” təzminat müqaviləsinin ləğvini təsdiqləyib.
Artıq “Amazon”u idarə etməyən Bezos son vaxtlar e-ticarət nəhənginin artan səhm qiymətindən faydalanıb. Bu yaxınlarda 8,5 milyard dollarlıq səhm satdıqdan sonra da o, şirkətin ən böyük səhmdarı olaraq qalır.
LVMH lüks qrupunun fransız baş direktoru Bernard Arnolt 197 milyard dollar sərvəti ilə dünyanın ən varlı adamları reytinqində üçüncü yerdə qalır.