Şifahi imtahandan uğurla keçən hakimliyə namizədlərin siyahısı açıqlanıb


Martın 5-də Hakimlərin Seçki Komitəsinin növbəti iclası keçirilib.
Məhkəmə-Hüquq Şurasından AZƏRTAC-a verilən məlumata görə, iclasda bildirilib ki, yazılı imtahanda müvəffəqiyyət qazanmış 62 hakimliyə namizədlə Komitə tərəfindən şifahi imtahan keçirilib.
Namizədlərə bərabər imkanların yaradılması və obyektivliyin təmin edilməsi məqsədilə Komitə üzvləri tərəfindən müvafiq suallar imtahandan bilavasitə əvvəl və imtahan keçirilən auditoriyada hazırlanıb. İmtahan zamanı namizədlərə “Vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsi Qaydaları”na uyğun olaraq 5 sual verilib və onların hər biri müəyyən edilmiş müddətdə bu sualları cavablandırıb. Şifahi imtahanda namizədlərə hüquq sahəsində nəzəri və praktiki biliklərini, habelə məntiqi nəticələr çıxarmaq qabiliyyətini müəyyən edən suallar verilib.