ÜST baş direktoru Bakıya gəlir


Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus XI Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycana səfər edəcək.
 
Modern.az xəbər verir ki, bu barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.
 
"Tedros Qebreyesus XI Qlobal Bakı Forumunda iştirak edəcəyi üçün şadıq", - deyə məlumatda qeyd olunub.
 
T.Qebreyesusun Pandemiya və milli səhiyyə potensialının möhkəmləndirilməsi üzrə Saziş barədə məruzə ilə çıxış edəcəyi gözlənilir.
 
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu 14-16 mart 2024-cü il tarixlərində keçiriləcək.
 
Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də keçmiş və hazırki dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edəcəklər.
 
Xatırladaq ki, 2023-cü ilin mart ayında keçirilən əvvəlki Qlobal Bakı Forumunda bir çox ölkələr və görkəmli beynəlxalq təşkilatlar təmsil olunmuşdu.
 
Tədbirdə dörd prezident, iki baş nazir, altı spiker və nazir, BMT sisteminə daxil olan beş təşkilatın rəhbərləri, 25 keçmiş prezident, 21 keçmiş baş nazir və 23 ölkənin xarici işlər nazirlərinin müavinləri iştirak edib. Forum 61 ölkədən 360 nümayəndənin iştirakı ilə yadda qalıb.