Donald Tramp ilkin seçkilərdə liderliyini davam etdirir


ABŞ-da Respublikaçılar partiyasından prezidentliyə namizəd olmaq üçün mübarizə aparan sabiq prezident Donald Tramp “super çərşənbə axşamı” adlanan praymeriz və kokuslarda inamlı qələbə qazanıb.
AZƏRTAC xəbər verir ki, səslərin hesablanması prosesi hələ başa çatmasa da, ABŞ mediası Virciniya, Şimali Karolina, Oklahoma, Tennessi, Men, Texas, Arkanzas, Alabama, Kolorado, Minnesota, Massaçusets, Texas və Kaliforniya ştatlarında Donald Trampın qələbə qazandığını iddia edir.
NBC telekanalının hesablamalarına görə, praymerizlər nəzərə alınmaqla, Respublikaçılar partiyasının prezidentliyə namizədinin müəyyən olunacağı qurultayında sabiq dövlət başçısına 911 nümayəndə səs verə bilər. Namizədliyinin qeydə alınması üçün ona 1215 səs lazımdır.
Donald Trampın partiyadakı yeganə rəqibi, ABŞ-ın BMT-dəki sabiq səfiri Nikki Heyli qarşıdakı qurultayda yalnız 78 nümayəndənin dəstəyini qazana bilər. Respublikaçılardan bəziləri onu seçki yarışından çəkilməyə çağırır.
Demokratik partiyada isə prezident postu uğrunda yarışda hazırkı dövlət başçısı Cozef Baydenin rəqibi yoxdur.
ABŞ-da partiyadaxili seçkilər kokuslar və praymerizlər formasında keçirilir. İlkin seçkilər dövlət orqanları tərəfindən təşkil edilir, kokuslar isə partiya üzvlərinin təşəbbüsü ilə keçirilən qeyri-rəsmi görüşlərdir.
Respublikaçıların praymerizləri iyunda başa çatacaq, prezidentliyə namizəd partiyanın iyulda keçiriləcək qurultayında bəlli olacaq. Demokratlar partiyasının qurultayı isə avqust ayına təyin edilib.