Finlandiyada “Azərbaycan-Multikulturalizm diyarı” adlı fotosərgi açılıb


Finlandiyanın Espoo şəhərinin Lippulaiva kitabxanasında fotoqraf Etibar Cəfərovun müəllifi olduğu “Azərbaycan-Multikulturalizm diyarı” adlı növbəti kitab-albomun təqdimatı və eyniadlı fotosərginin açılışı keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) dəstəyi ilə nəşr olunmuş kitabda ölkəmizin multikultural dəyərləri barədə məlumatlar öz əksini tapıb.
Komitədən AZƏRTAC-a bildirilib ki, Helsinki Azərbaycan Evinin təşkilatçılığı ilə keçirilən tədbirdə yerli ictimaiyyətin, eləcə də ölkəmizə dost münasibət bəsləyən icmaların üzvləri, Helsinki, Espoo, Tampere, Nokia və Vanta şəhərlərində yaşayan diaspor nümayəndələri iştirak ediblər.
Espoo şəhər kitabxanasının sabiq direktoru, kitabxananın layihələr departamentinin rəhbəri Yana Turni Azərbaycanın multikultural və tolerant dəyərlərinin zənginliyindən danışıb, dünya mədəniyyətləri sırasında xüsusi yeri olduğunu bildirib. O, Azərbaycan günlərinin keçirilməsinin yerli ictimaiyyətin maraqla qarşıladığını deyib.
Helsinki Azərbaycan Evinin rəhbəri Ülviyyə Cabbarova çıxışında xalqımızın multikultural dəyərlərinin Azərbaycan diasporuna təsir imkanlarından bəhs edərək, soydaşlarımızın yerli cəmiyyətə inteqrasiyası və əldə olunan uğurlar barədə fikirlərini bölüşüb.
Müəllif E.Cəfərov kitabın ərsəyə gəlməsindən, nümayiş olunan fotoların tarixçəsi və Azərbaycan multikulturalizminin, milli adət-ənənələrinin rəngarəngliyindən söz açıb.
DİDK-nın şöbə müdiri Xıdır Kazımov dünyada multikultural dəyərləri qoruyan ölkələr arasında Azərbaycanın ön sıralarda olduğunu, bu dəyərlərin təbliği məsələsində diasporumuzun üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. O, Azərbaycanda müxtəlif mədəniyyətlərin formalaşmasında dövlət dəstəyindən danışıb və Dövlət Komitəsinin bu istiqamətə yönəlmiş layihələrini dəstəkləməyə hazır olduğunu bildirib.
“Azərbaycan-Multikulturalizm diyarı” kitabı ziyarətçilərə və kitabxanaya hədiyyə edilib. Gün ərzində 100-dən çox şəxs fotosərgini ziyarət edib.
Qeyd edək ki, Helsinkinin “Oodi” kitabxanası və Finlandiyada fəaliyyət göstərən Azərbaycan Evi də “Azərbaycan-Multikulturalizm diyarı” adlı fotosərgiyə ev sahibliyi edib.