EMTA-nın “Energy Talks” layihəsi çərçivəsində növbəti seminarı baş tutub


Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) “Energy Talks” (Enerji söhbətləri) layihəsi çərçivəsində Sumqayıt Dövlət Universitetində (SDU) seminar təşkil edib.
EMTA-dan AZƏRTAC-a bildirlib ki, tədbirdə EMTA-nın nümayəndələri, universitetin professor-müəllim heyəti, tədqiqatçılar, magistrant və tələbələr iştirak ediblər.
Seminarın açılışında salamlama nitqi ilə çıxış edən SDU-nun rektoru Rüfət Əzizov bu kimi tədbirlərin qurumlararası əlaqələrin inkişafında xüsusi rolunu qeyd edib. O, seminarın SDU-da təşkilinə görə EMTA rəhbərliyinə təşəkkürünü bildirib. R.Əzizov energetika sahəsində mütəxəssis hazırlığının həyata keçirilməsində Energetika Nazirliyi, o cümlədən EMTA ilə əməkdaşlığın əhəmiyyətini də vurğulayıb.
EMTA-nın mətbuat sektorunun müdiri Zeynab Kazımova agentliyin energetika sahəsi üzrə ixtisaslarda mütəxəssis hazırlığı aparan ali təhsil ocaqları ilə əməkdaşlıqda maraqlı olduğunu deyib. “Energy Talks” layihəsi barədə danışan Z.Kazımova ötən dövr ərzində tədbirlərin onlayn və üzbəüz formatda bir sıra ali məktəblərlə birgə təşkil edildiyini bildirib. O, həmçinin tədbirin keçirilməsində göstərdiyi dəstəyə və tədbirdə iştirakına görə SDU-nun rektoruna minnətdarlıq ifadə edib.
Seminar agentliyin enerji sahəsində liberallaşdırma və investisiyaların cəlb edilməsi şöbəsinin müdiri Elmar Güləliyevin “Azərbaycan Respublikasının enerji sisteminə baxış və bərpaolunan enerji sahəsində hədəflər“ mövzusunda təqdimatı ilə davam edib.
Tədbirdə EMTA-nın fəaliyyəti haqqında qısa videoçarx nümayiş etdirilib.
Yekunda maraq doğuran suallar ətrafında geniş sual-cavab sessiyası baş tutub.
Tədbirdən sonra EMTA-nın nümayəndələri SDU-nun açıq səma altında təşkil edilmiş Elektroenergetika tədris muzeyi və tədris poliqonu ilə tanış olublar.