Fransada etiqad azadlığı ciddi təhlükə ilə üz-üzədir - QMİ sədri


Dinimiz İslam sülh, anlaşma, əmin-amanlıq dinidir. Mahiyyətində bəşəri dəyərlər duran dinimizdən təxribatlar üçün sui-istifadə olunması, qaralanaraq gözdən salınması yolverilməz əməldir. Azərbaycan dövləti dünyanın istənilən nöqtəsində İslam müqəddəsliklərinə, rəmz və şəxsiyyətlərinə qarşı hər hansı hörmətsizliklərə görə öz etiraz səsini ucaldır, milli, dini qarşıdurmalara yol açan nifrət çağırışlarına qarşı qətiyyətli etirazımızı ifadə edirik. Biz İslami dəyərlərdən siyasi məqsədlər üçün sui-istifadə edən, dini dəyərləri məqsədyönlü şəkildə təhrif edənlərə qarşı mübarizədə fəallıq göstəririk.
 
Modern.az-ın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfransda panetl müzakirəsi zaman deyib.
 
O qeyd edib ki, Qərb ölkələrində antiislam təzahürlərinə qarşı dövlət səviyyəsində mübarizə aparılsa da, ksenofobiyanın qarşısını almaq hələ də mümkün olmayıb.
 
“Avropa İttifaqı və müxtəlif beynəlxalq qurumlar bu halı daim pisləsə də, bu anti-humanist, irqçi hərəkat davam edib, indi də artmaqda və genişlənməkdədir. Bu gün daha çox Avropa ölkələrində, o cümlədən, İsveçdə, Danimarkada, Fransada, Niderlandda ksenofobiya və islamofobiya halları müşahidə olunur. Qərbin orta əsrlərdə və müasir dövrdə apardığı siyasət nəticəsində müsəlmanların bu qitəyə artan miqrasiyasının qarşısını alınması məqsədi ilə hətta faşistyönlü hərəkatlar yaradılır. Hesabatlara əsasən, müsəlmanlar Avropa əmək bazarında, yaşayış yerlərində, təhsil müəssisələrində diskriminasiyaya məruz qalırlar. Fransada İslam dini mənsublarına qarşı aksiyalar davamlı olaraq keçirilir. Bu ölkədə etiqad azadlığı ciddi təhlükə ilə üz-üzədir.
 
İslam Peyğəmbərinin karikaturalarının çəkilməsi, Qurani-Kərim kitabının yandırılması, publik təhqir olunması halları, məscidlərə qarşı təcavüz - XXI əsrdə özünü demokratik elan edən Avropanın reallığıdır. İslamı düşmən elan edənlərin apardığı yanlış siyasət son 30 ildə müsəlmanların Qərb ölkələrinə miqrasiyasını sürətləndirmişdir ki, bu da Qərbin Yaxın və Orta Şərqdə, eləcə də Afrikadakı hərbi əməliyyatlarının fəsadıdır. Məhz bu silahlı müdaxilələr insanları yurdlarını tərk etməyə vadar edir, Avropadakı ekstremist təşkilatlar isə mühacirət etdikləri üçün məcburi miqrantları təzyiqlərə məruz qoyurlar. Beləliklə, müsəlmanların mühacirətini və islamofobiyanı doğuran səbəblər eyni mənbənin siyasətinin acı nəticəsidir.
 
İslamofobiyanın ən qatı əleyhdarı kimi beynəlxalq aləmdə öz səsini ən uca kürsülərdən ardıcıl səsləndirən, öz əməlləri, səyləri ilə dini-mənəvi dəyərlərinə ehtiramını təsdiq etmiş ölkəmizin Prezidenti İlham Əliyev Bakıda Qoşulmama Hərəkatının tədbirlərindən birində çıxışı zamanı islamofobiya hallarına ifadə azadlığı adı altında bəraət qazandırılmasını təmamilə məsuliyyətsizlik, qəbulolunmaz hal kimi qiymətləndirib.
 
Bütün bunlardan çıxış edərək, İslam dünyasının ayrılmaz parçası, tarixən Şərq ilə Qərb arasında körpü rolunu oynayan, sivilzasiyaların bir araya gəldiyi məkan olaraq Azərbaycan dövləti ksenofobiya təzahürü olan İslamofobiyanın qarşısının alınması işinə öz töhfəsini verməkdədir. Ölkəmiz bütün mötəbər beynəlxalq tribunalardan İslamofobiya ilə yanaşı xristianofobiya, antisemitizm hallarına qarşı daima öz səsini ucaldan, nifrət çağırışlarına etiraz edən, dini zəmində ayrı-seçkilik hallarını qətiyyətlə pisləyən mövqe nümayiş etdirir. Dini mərkəz olaraq, biz dinlərarası dialoq və əməkdaşlıq müstəvisində bütün beynəlxalq forum və platformalarda bu mövqeni fəal müdafiə edirik.
 
Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20 Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 2-ci il dönümünə həsr olunan "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfrans keçirilir.