Türkiyənin xarici işlər naziri ABŞ-da rəsmi səfərdədir


Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-da rəsmi səfərdədir.
AZƏRTAC xəbər verir ki, Hakan Fidan səfər çərçivəsində Türkiyə-ABŞ Strateji Mexanizm Dialoqunun növbəti toplantısında iştirak edib, ABŞ Dövlət katibi Antoni Blinken ilə görüşüb.
Türkiyənin xarici işlər naziri səfərlə bağlı mediaya açıqlama verib.
Səmimi qarşılanmaya görə Antoni Blinkenə təşəkkürünü ifadə edən Hakan Fidan nümayəndə heyətləri arasında təhlükəsizlik, regional əməkdaşlıq, ticarət və enerji də daxil olmaqla bölgədə baş verən son hadisələr ətrafında geniş fikir mübadiləsinin aparıldığını bildirib.
Qeyd edilib ki, bu, Türkiyənin xarici işlər nazirinin Antoni Blinkenlə son bir neçə ay ərzində üçüncü görüşüdür. Bildirilib ki, geosiyasi və regional proseslər sıx əməkdaşlıq və birgə fəaliyyəti tələb edir.
Nazir görüş zamanı İsrail-Fələstin qarşıdurmasının da müzakirə olunduğunu, bu məsələnin təcili həll tələb etdiyini, eləcə də bölgədə humanitar yardım ehtiyacının təcili qarşılanmasının vacibliyini vurğulayıb.
Türkiyəli nazir bu gün də bir çox mövzu ətrafında fikir mübadilələrinin aparılacağını, Ukrayna, Qara dəniz təhlükəsizliyi kimi bir çox regional məsələlər, həmçinin NATO, o cümlədən yeni ölkələrin üzvlük proseslərinin uğurla başa çatmasının müzakirə ediləcəyini deyib.