“Nissan” və “Honda” elektrik avtomobillərinin istehsalında əməkdaşlıq etməyi planlaşdırır
Yaponiyanın “Nissan” və “Honda” konsernləri elektrik avtomobillərinin inkişafı və istehsalı sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçirir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Nikkei” qəzeti məlumat yayıb.
Qeyd olunub ki, iki şirkət gələcəkdə elektrik mühərrikli avtomobillər üçün ümumi transmissiya və platformaya keçə bilər. Bundan əlavə, tərəflər akkumulyatorların və digər komponentlərin birgə alınması variantlarını nəzərdən keçirirlər. Əməkdaşlığın əsas məqsədi nisbətən ucuz elektromobillər təklif edən Çinin Yaponiya bazarına daxil olmasını nəzərə alaraq istehsal xərclərini azaltmaq və rəqabət qabiliyyətini artırmaqdır.
Yapon avtomobil istehsalçıları bu yaxınlarda sıfır emissiyaya nail olmaq üçün texnologiyaların inkişafına böyük diqqət yetirirlər. Belə ki, Yaponiyanın aparıcı avtomobil istehsalçısı “Toyota” 2030-cu ilə qədər Avropada yalnız elektrik və hibrid mühərrikli avtomobillər satmağı qarşısına məqsəd qoyub.