Çin TikTok sosial şəbəkəsini hər vəchlə müdafiə edəcək
Pekin ABŞ-ın TikTok sosial şəbəkəsinin qadağan edilməsi üzrə planları ilə bağlı lazımi cavab tədbirləri görəcək.
AZƏRTAC xəbər verir ki, Çin Ticarət Nazirliyinin rəsmi nümayəndəsi He Yadun bu barədə jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.
“Biz ABŞ Konqresində baş verənləri diqqətlə izləyirik. Çin qanuni haqlarını və maraqlarını etibarlı şəkildə qorumaq üçün bütün lazımi tədbirləri görəcək”, - deyə He Yadun bildirib. Onun sözlərinə görə, Vaşinqton xarici kompaniyalara “əsassız təzyiqləri” dayandırmalı və “ABŞ-a sərmayə yatıran bütün ölkələrin şirkətləri üçün açıq və ədalətli mühit” təmin etməlidir.
Martın 13-də ABŞ Konqresinin Nümayəndələr Palatası TikTok sosial şəbəkəsinin qadağan edilməsi ideyasını dəstəkləyib. Qanunvericilər sosial şəbəkəni satmaq üçün “ByteDance” kompaniyasına altı ay vaxt verilməsini təklif ediblər. Bundan sonra təşəbbüs baxılmaq üçün Senata göndəriləcək. Prezident Cozef Bayden bundan əvvəl müvafiq qanun layihəsini imzalamağa hazır olduğunu açıqlamışdı.
Qeyd edək ki, 2017-ci ildə istifadəyə verilən TikTok tətbiqinin beynəlxalq versiyası 2018-ci ilin avqustunda bazara çıxıb. Çin kompaniyasına məxsus sosial şəbəkənin Birləşmiş Ştatlar üçün təhlükə yaratdığını iddia edən ABŞ administrasiyası onun qadağan edilməsinə çalışır. Vaşinqtonun fikrincə, həmin tətbiq Çin hakimiyyəti və kəşfiyyat xidmətləri üçün məlumat toplama alətidir.