“PAŞA Holdinq” antiterror tədbirləri zamanı şəhid olan şəxslərin övladları üçün sosial proqram təşkil edir
2023-cü ildən etibarən “PAŞA Holdinq” 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın 18 yaşadək olan övladları üçün sosial dəstək proqram həyata keçirir.
AZƏRTAC xəbər verir ki, 2024-cü ildən cari proqrama antiterror tədbirləri zamanı şəhid olan şəxslərin övladları da əlavə edilib. Hazırda layihə 44 günlük Vətən müharibəsində, Zəfərdən sonra və sentyabr təxribatları zamanı şəhid olan, eləcə də antiterror tədbirləri zamanı şəhid olan şəxslərin, ümumilikdə, 1000-dən çox ailəsini, 2000-dən çox övladını əhatə edir.
Proqram çərçivəsində şəhid övladı olan ailələrə Yeni il, Novruz bayramı, Qurban bayrami, Ramazan bayrami və Zəfər günü münasibətilə “PAŞA Holdinq” və “Bravo” supermarketlər şəbəkəsi tərəfindən bayram sovqatları təqdim olunur.
Bundan əlavə, “PAŞA Sığorta” şirkəti proqram çərçivəsində sözügedən uşaqları genişləndirilmiş sığorta paketi ilə də təmin edir. Bu paket stomatoloji, eləcə də xroniki xəstəliklərin müayinəsi və müalicəsini nəzərdə tutur. Eyni zamanda, proqram çərçivəsində şəhid övladlarımıza yeni dərs ilində məktəbli ləvazimatları da təqdim edilir.