Qəbələdə ətraf mühitin qorunmasına həsr edilən əl işləri nümayiş olunub
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində martın 15-də Qəbələ rayon Mədəniyyət Mərkəzində “Geri dönüşüm, təmiz ətraf mühit və yaradıcılıq” adlı incəsənət sərgi-müsabiqəsi təşkil edilib. Qəbələ Rayon İcra Hakimiyyətinin və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə ekoloji maarifləndirmə məqsədilə keçirilən müsabiqədə 17 iştirakçının 60-dək əl işi nümayiş olunub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Müsabiqənin münsiflər heyətinin rəyinə əsasən, iştirakçılardan Dilbər Qurbanova, Nicat Baxışov və Nəzrin Bağırzadə müvafiq olaraq ilk üç yerə layiq görülüblər. Müsabiqənin qalibləri fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.