Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açılıb


Martın 15-də Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisinin açılışı oldu. Novruza və bu bayramın UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınmasının 15-ci ildönümünə həsr olunan sərgi Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə keçirilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, açılış mərasimində Azərbaycan Milli Xalça Muzeyinin direktoru vəzifəsini müvəqqəti icra edən, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mira Məmmədxanova, mədəniyyət nazirinin müşaviri, Əməkdar incəsənət xadimi Cahangir Səlimxanov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Mərkəzi Asiya xalqlarının geyim kolleksioneri Virciniya Morqan-Hayat, tanınmış ictimai-siyasi xadim Həsən Həsənov çıxış edərək sərginin əhəmiyyətini vurğuladılar. Onlar bu qiymətli əsərlərin türk xalqlarının zəngin geyim və zərgərlik irsinə sahib olduğunu və tarixi-mədəni əlaqələrimizin möhkəmliyini sübut etdiyini diqqətə çatdırdılar.
Tədbirdə, həmçinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin kollektivinin ifasında türk xalqlarına aid rəqslər ifa olundu.
Sərgidə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Özbəkistan, Türkiyə və Türkmənistana aid ənənəvi qadın geyimləri, həmçinin zərgərlik əşyaları nümayiş etdirilir. Bu sənət nümunələri təyinatına, üzərindəki naxışlara, hazırlandığı materiala və s. əsasən tamaşaçılarda türk xalqlarının özünəməxsus milli xüsusiyyətləri, adət-ənənələri, məskunlaşdıqları ərazinin təbii-coğrafi şəraiti, düşüncə və həyat tərzi barədə zəngin təəssürat yaradır.
Təqdim olunan eksponatlar Azərbaycan Milli Xalça Muzeyinin, Türk Mədəniyyəti və İrsi Fondunun, Macarıstan Xalq Sənətkarları Assosiasiyasının və kolleksiyaçı Virciniya Morqan-Hayatın kolleksiyalarına aiddir.
Qeyd edək ki, 31 mart tarixinədək davam edən sərgi çərçivəsində ustad dərsi və mühazirə də keçiriləcək.