UNEC-də enerji iqtisadiyyatı və yaşıl keçid üzrə perspektivlərə həsr olunan beynəlxalq seminar keçirilib


Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC), Qara Dəniz Davamlı İnkişaf Həlləri və Qara Dəniz Universitetlər şəbəkələrinin birgə təşkilatçılığı ilə “Enerji iqtisadiyyati və yaşil keçid üzrə perspektivlər və iqlim dəyişikliyinə uyğunlaşma” mövzusunda beynəlxalq seminar keçirilib. Tədbir iştirakçıları əvvəlcə UNEC-in infrastrukturu ilə tanış olublar.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, seminarın açılışında çıxış edən elm üzrə prorektor dosent Fariz Əhmədov mövzunun aktuallığından danışıb və tədbirin proqramı barədə məlumat verib. Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor Neman Muradlı isə UNEC-in həyata keçirdiyi beynəlxalq layihələrlə bağlı çıxış edib.
Beynəlxalq seminar Azərbaycanla yanaşı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv dövlətlərin enerji iqtisadiyyatı üzrə prioritetlər, iqlim dəyişikliyi, yaşıl iqtisadiyyata keçid, yaşıl enerji və dayanıqlılığa həsr olunan müzakirələrlə davam edib.
Tədbirdə Yunanıstanın Saloniki Aristotel Universitetinin professorları Qriqoris Zarotiadis və Nikolas Moussiopoulos enerji iqtisadiyyatındakı problemlərdən, Bolqarıstanın Sofiya Universitetinin professoru Marina Stefanova yaşıl keçidə aktiv yanaşma və maraqlı tərəflərin cəlb edilməsindən, Türkiyənin Boğaziçi Universitetinin professoru Tamer Atabart Asiya və Avropa arasında balanslaşdırılmış və ağıllı enerjiyə keçiddə Türkiyənin rolundan, UNEC-in şöbə müdiri, gənc tədqiqatçı Nərgiz Hacıyeva Qarabağ bölgəsində yaşıl enerji təşəbbüslərinin qiymətləndirilməsindən, Beynəlxalq əməkdaşlıq departamentinin direktoru Nərmin İbrahimova UNEC-in qalib olduğu Erasmus+ layihələrindən danışıb. QDİƏT-in sabiq Baş katibi, səfir Mikael Kristides, Ukraynanın Zaporojye Milli Texniki Universitetinin professoru Sergey Byelikov, Bolqarıstan Milli Universitetinin prorektoru Mikael Musov, Davamlı İnkişaf Həlləri Şəbəkəsinin katibi Marta Qarsia-Haro isə enerji iqtisadiyyatı üzrə elmi tədqiqat prioritetləri barədə təqdimatlarla çıxış ediblər.