Hər 71 ildən bir Yerə yaxınlaşan kometa səmada görünüb


İnsanlar hər 71 ildə bir dəfə Yer kürəsinin yaxınlığından keçən kometanı durbin və kiçik teleskoplar vasitəsilə görə bilib.
AZƏRTAC İndependent saytına istinadla xəbər verir ki, astronomlar 12P/Pons-Brooks adlı kometanın daha da parlaqlaşdığını və səmanı seyr edənlərin yaxın həftələrdə onu adi gözlə belə görə biləcəyini bildiriblər.
Mərkəzi Lankaşir Universitetinin astrofizika doktoru Meqan Arqonun sözlərinə görə, kometa vaxtaşırı parlaqlığını artıraraq bir neçə dəfə aktivlik nümayiş etdirib. Bu göy cisimləri əsasən toz, qaya və buzdan ibarət olur. Astronomlar onları nəhəng çirkli qartopuna bənzədirlər.
Kometa onu kəşf edən Cen Luis Pons və Viliam Robert Bruksun şərəfinə 12P/Pons-Brooks adlandırılıb. O, vaxtının çox hissəsini Günəş sisteminin çox soyuq olan yerlərində keçirir. Hər 71 ildən bir Günəşə nisbətən yaxınlaşdığı üçün dövri kometa hesab olunur. Bu göy cismi adətən Andromeda qalaktikasının aşağısında və bir qədər solunda görünür.