Belqrad Universitetində Novruz bayramına həsr olunmuş konfrans keçirilib
Belqrad Universitetində əsrlərin sınağından çıxmış, mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz bayramına həsr olunmuş elmi-bədii konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın təşəbbüsü və Azərbaycanın Serbiyadakı səfirliyinin dəstəyi ilə Belqrad Universitetində 2018-ci ildən fəaliyyətə başlayan Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində təşkil olunan tədbirdə Mərkəzin rəhbəri Günel Babanlı Novruz bayramının Azərbaycan və başqa Şərq xalqları tərəfindən qeyd olunduğunu, müstəqillik əldə etdikdən sonra ölkəmizdə daha da təntənəli, dövlət səviyyəsində təşkil olunduğunu deyib.
Azərbaycan Dillər Universitetinin Beynəlxalq şöbəsinin müdiri Anar Rəhimov isə “Novruz fəlsəfəsi” adlı məruzə ilə çıxış edib.
Belqrad Universitetinin professoru, türkoloq Kseniya Aykut Novruz bayramının bəzi adət-ənənələrinin serb xalqının qeyd etdiyi milli bayramlarda olan bənzərliklərindən söhbət açıb. Serblərin də tonqal üzərindən atlamaq, yumurta boyamaq, səməni cücərtmək və bayram axşamında şam yandırmaq kimi oxşar adətlərin olduğunu bildirib.
Universitetin Türkologiya kafedrasının müəllimi Safiya Karababa “Novruz - türk xalqlarının ortaq bayramı” adlı məruzə ilə çıxış edərək bayramın xalqlarımızın tarixini, mədəniyyətini, adət-ənənələrini əks etdirdiyini və xalqlarımız arasında birləşdirici rol oynadığını qeyd edib.
Konfransın elmi hissəsi Günel Babanlının Novruz atributlarından bəhs etdiyi və serb dilində hazırladığı slayd ilə yekunlaşıb.
Bədii hissədə Azərbaycan dilini xarici dil kimi seçən tələbələrin Azərbaycan dilində səsləndirdikləri və tar musiqisinin müşayiəti ilə ifa etdikləri şeirlər heyranlıqla qarşılanıb.
Tələbələrdən Anastasiya Mihayloviç Azərbaycan Respublikasının Xalq şairi Ramiz Rövşənin "Novruz gəlir", Mariya Radovanoviç Azərbaycan SSR-in əməkdar incəsənət xadimi Abdulla Şaiqin "Səməni" şeirini, Valentina Simiç isə şifahi xalq ədəbiyyatından Novruza həsr olunmuş bayatıları səsləndirib.
Tədbir üçün hazırlanmış süfrədə Novruz şirniyyatları ilə yanaşı, Qarabağ kətəsi, İrəvan kətəsi, Bakı qurabiyəsi və sair təamlar, eyni zamanda, Novruz atributları tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.