Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahanda 144 nəfər uğur qazanıb


Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi (BB vəzifə qrupu) üzrə martın 17-də keçirilmiş imtahanın nəticələri elan olunub.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanında 219 namizəd iştirak edib. İmtahanın nəticələrinə əsasən, BB1 altqrupu üzrə 21, BB2 altqrupu üzrə 37, BB3 altqrupu üzrə 40, BB4 altqrupu üzrə 46 nəfər olmaqla, ümumilikdə 144 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
Test imtahanından müvəffəqiyyətlə keçən namizədlərə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikat 5 il qüvvədə olur.
İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyasına müraciət etmək istəyənlər martın 19-da saat 10:00-dan 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.
Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.