Avropa dövlətləri Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolu hissəsinin işə salınmasında maraqlıdırlar
Rusiya-Ukrayna münaqişəsi Avropadan Asiyaya uzanan nəqliyyat dəhlizlərinin bloklanmasına və iki qitədə yerləşən dövlətlər arasındakı ticarət əlaqələrinin zəifləməsinə səbəb olub. Digər tərəfdən Qərbin Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar ənənəvi ticarət tərəfdaşlarını yeni yollar axtarmağa vadar edib.
AZƏRTAC xəbər verir ki, Londonda dərc olunan və iqtisadiyyat üzrə ixtisaslaşmış “Lloyd’s List” jurnalı Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizini Rusiya üçün xilas yolu hesab edib. Jurnalın analitikləri hesab edir ki bu dəhlizlə Rusiya birbaşa Hind okeanına çıxış əldə etməklə Fars körfəzi və Hindistanla ticarətini davam etdirir. Ukraynada hərbi əməliyyatlar başladıqdan sonra isə dəhlizdən intensiv istifadə olunur.
“The New York Times” qəzetinin analitiki İvan Neçepurenko “Moskvadan Mumbaya: Rusiya ticarət üçün cənuba müraciət edir” sərlövhəli məqaləsində yazır ki, Rusiyanın ənənəvi ticarət yolları bağlandığı üçün rəsmi Moskva cənub istiqamətindəki marşrutlarını daha da genişləndirməyə çalışır. Artan ticarət dövriyyəsi Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə aid dəmir yolu seqmentinin də tezliklə işə düşməsini tələb edir. Dəhlizin dəmir yolu seqmentinin işə düşməsində Rusiya ilə yanaşı Avropa dövlətləri də maraqlıdır.
İranlı mütəxəssislər hesab edir ki, Rəşt-Astara yolu istismara verildikdən sonra birinci il 4,5 milyon ton yük və 250 min sərnişin daşınacaq. On il müddətində isə 11 milyon ton yük və 500 min sərnişin daşınması mümkün olacaq.