Xocavəndlilər baharın gəlişini yüksək əhvali-ruhiyyə ilə qeyd edirlər


Xocavəndlilər xalqımızın qədim ənənələrini özündə yaşadan bahar bayramını yüksək əhvali-ruhiyyə ilə qeyd edirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Novruz bayramı münasibətilə Beyləqandakı Xocavənd qəsəbəsində keçirilən ümumrayon tədbirində Xocavənd Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə-müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri və rayon ictimaiyyəti iştirak edib.
Novruz atributları ilə bəzədilən parkda təşkil edilən şənlikdə təhsil və mədəniyyət müəssisələrinin kollektivləri tərəfindən müxtəlif milli oyun və folklor nümunələri nümayiş olunub. Novruz şənliyində sərgilənən çoxəsrlik maddi-mədəni irsimizi, qədim milli adət-ənənələrimizi özündə əks etdirən eksponatlar və milli geyimlər rayon ictimaiyyətinin və qonaqların böyük marağına səbəb olub. Yeniyetmə və gənc idmançılar müxtəlif idman nümunələri ilə çıxış ediblər. Novruzun əsas personajları olan Kosa və Keçəlin zarafatları, uşaq bağçalarının fidanları tərəfindən təqdim olunan bayram səhnəcikləri, eləcə də baharı, Azərbaycanı tərənnüm edən mahnılar sakinlərdə xoş ovqat yaradıb.