“Ulduz” jurnalının bu il üçün ilk sayı çapdan çıxıb


“Ulduz” jurnalının 2024-cü il üçün ilk sayı çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, “Ulduz” jurnalının yanvar sayı filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Qaragözovanın “Postmodern poetika: “Əlahəzrət mətn” yazısı ilə açılır. Jurnalda İlham Abbasov “Nobel mükafatı laureatları” məqaləsində ingilis ədəbiyyatının amerikalı nümayəndəsi Tomas Eliotun həyat və yaradıcılığını incələyir. Filologiya üzrə fəlsəfə doktoru Gülnar Səma “Yeni nəsil: tənqid” rubrikasında Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”ini təhlil edir. Həmçinin “Tribuna”da Mirzə Fətəli Axundzadənin “Nəzm və nəsr haqqında” yazısı yer alıb.
Bundan başqa, jurnalda Çingiz Aytmatovun “Dəniz kənarıyla qaçan alabaş” əsərindəki mif və gerçəklikdən, Firudin bəy Köçərlinin Abdulla Şaiqə məktublarından söz açılır, “Bir qış gecəsi əgər bir yolçu və postmodernizm” yazısı təqdim edilir.
Oxucular yanvar sayında “Paris üçbucağı” romanı haqqında düşüncələrlə, Əbülfət Mədətoğlunun yaradıcılığı, Mirzə Şəfi Vazehin lirik şeirləri, maraqlı müsahibələr və yazılarla da tanış ola bilərlər.