Taksi sürücüləri arasında ilginc xəbər dolaşır, rəsmi qurumlar açıqlama verdi
Bakıda fəaliyyət göstərən taksi sürücüləri arasında ilginc xəbər yayılıb. AzBaku.info Avtosfer.az - istinadən xəbər verir ki, bir neçə sürücünün Sputnik Azərbaycan-a bildirdiyinə görə, yaxın zamanda bütün taksi şirkətləri ləğv olunacaq və əvəzində vahid taksi şirkəti fəaliyyət göstərəcək. "Hətta şirkətin nömrəsi də bəllidir. Taksi sifariş etmək üçün müştərilər "123” nömrəsinə zəng etməli olacaqlar” — deyə taksi sürücüləri bildiriblər. Onların sözlərinə görə, hazırda yaradılması üzərində iş gedən "123 taksi xidməti”nin tabeçiliyinə təkcə şirkət taksiləri deyil, fərdi qaydada fəaliyyət göstərən şəxslər də keçəcək: "Hər şey bir mərkəzdən idarə olunacaq. Bütün taksi sürücüləri həmin xidmətlə əməkdaşlıq edəcək və mərkəzə gəlirdən müəyyən faiz ödəyəcəklər”.
Məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirib ki, onlarda bu haqda heç bir məlumat yoxdur: "Yaxın günlərdə belə bir məsələ gündəmdə deyil”.
Nazirliyin mətbuat xidməti "123” nömrəsinin hazırda vahid çağrı mərkəzinin nömrəsi olmasına da aydınlıq gətirib: "123” vətəndaşlara vahid mərkəzdən poçt və telekommunikasiya xidmətləri göstərən "Şəbəkə xidmət” mərkəzlərinin "Cağrı Mərkəzi”nin nömrəsidir və aktiv istifadə olunur. Vahid taksi şirkətinin yaradılması və bu nömrənin o şirkətə veriləcəyi haqda heç bir məlumatımız yoxdur”.
Onu da qeyd edək ki, hazırda respublika üzrə 6 "Şəbəkə” xidmət mərkəzi fəaliyyət göstərir. Onlardan 4-ü Bakıda yerləşir, digərləri isə Cəlilabad və Zaqatala şəhərlərindədir” — nazirlikdən bildirilib.
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətindən də verilən məlumata görə isə, BNA-da hazırda sözügedən məsələ ilə bağlı hər hansı bir fikir mübadiləsi aparılmır: "Onu deyə bilərik ki, BNA hazırda Bakı şəhərində taksi ilə sərnişindaşımanın keyfiyyətinin artırılması, bu sahədə nizam yaradılması və sərnişinlərimizə daha layiqli taksi xidmətinin göstərilməsi üçün bir sıra layihələr üzərində işləyir”.
Çağrı mərkəzindən isə əlavə etdilər ki, əgər "123” rəqəmli digər hansısı xidmət fəaliyyətə başlayarsa, bunun, yalnız *123 formasında olması mümkündür.
*123 xidməti isə hazırda fəaliyyət göstərmir.