Avronest PA-nın 11-ci sessiyasında regionda təhlükəsizliyin təşəkkül tapmasında Azərbaycanın müstəsna rolu vurğulanıb
Belçika Krallığının Brüssel şəhərində Avronest Parlament Assambleyasının (PA) 11-ci sessiyası keçirilir.
AZƏRTAC xəbər verir ki, ölkəmizi Avronest PA-nın sessiyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, deputatlar Soltan Məmmədov, Vüqar Bayramov, İltizam Yusifov, Razi Nurullayev və Nurlan Həsənov təmsil edirlər. Sessiya çərçivəsində komitələrin məruzələri dinlənilib, yeni komitə sədrləri seçilib və növbəti məruzələrin mövzuları müəyyən edilib.
Siyasi məsələlər, insan hüquqları və demokratiya komitəsinin hazırladığı məruzədə regional təhlükəsizlik məsələləri müzakirə olunub. Azərbaycan nümayəndə heyətinin təklif etdiyi və səs çoxluğu ilə qəbul edilən dəyişikliklər nəticəsində məruzədən “dondurulmuş Dağlıq Qarabağ münaqişəsi”, “Azərbaycan-Ermənistan sərhədlərinin müəyyən edilməsində Alma-Ata deklarasiyasına istinadetmə”, “sülh danışıqlarının yalnız Brüsselin vasitəçiliyi ilə aparılması” kimi ifadələr çıxarılıb. Əvəzində isə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə hər kəsin dəstək verməli olduğu, bu prosesin beynəlxalq hüquq normalarına uyğun aparılması məsələsi məruzədə öz əksini tapıb.
Müzakirədə çıxış edən Azərbaycan Milli Məclisin deputatları Tahir Mirkişili, Tural Gəncəliyev, Nurlan Həsənov regionda təhlükəsizliyin təşəkkül tapmasında Azərbaycanın müstəsna rolunu vurğulayaraq, Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını və regional kommunikasiyaların açılmasının vacibliyini qeyd ediblər.