Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın 148-ci Assambleyasında çıxış edib



Milli Məclisin sədri və Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin rəhbəri Sahibə Qafarova martın 23-də İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilən Parlamentlərarası İttifaqın 148-ci Assambleyasında “Parlament diplomatiyası: sülh və qarşılıqlı anlaşma üçün körpülərin qoyulması” mövzusunda çıxış edib.

AZƏRTAC xəbər verir ki, çıxışında Milli Məclisin spikeri Parlamentlərarası İttifaqın 148-ci Assambleyasının işinə uğurlar arzulayıb. O, sülh, təhlükəsizlik və qarşılıqlı anlaşma məsələsinin qurumun 2024-cü il üçün strateji siyasət istiqaməti və müzakirələrin mövzusu kimi seçilməsinin önəmini vurğulayaraq bildirib ki, sülh və qarşılıqlı anlaşma məsələsi böyük əhəmiyyət qazanaraq həlledici bir amilə çevrilib. Daha yaxşı bir dünyaya olan ümidlərimiz sülh və qarşılıqlı anlaşma ilə sıx bağlıdır.

Sahibə Qafarova bu gün dünyanın daha parçalanmış və daha təhlükəli hala gəlməsindən söz açaraq, bunun beynəlxalq qaydalara əməl olunmamasının, ikili standartların və müəyyən dövlətlərin maraqlarının üstünlük təşkil etməsinin nəticəsi kimi çoxtərəfli mexanizmlərin səmərəsizliyi ilə əlaqələndirildiyini söyləyib.

Spiker diqqətə çatdırıb ki, bu məsələlər bir neçə gün əvvəl Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən, 68 ölkədən 400-dən artıq yüksək səviyyəli qonağın iştirak etdiyi 11-ci Qlobal Bakı Forumu çərçivəsində “Parçalanmış dünyanın bərpası” mövzusunda geniş müzakirə olunub.

Birləşmiş Millətlər Təşkilatının mərkəzində dayanan daha güclü, daha səmərəli və çoxtərəfli inklüziv sistemin yaradılması zərurəti ilə bağlı ümumi konsensusun mövcudluğuna diqqət çəkən spiker bildirib ki, bu sistem beynəlxalq hüququn ümumi qəbul edilmiş norma və prinsiplərinin ciddi şəkildə, ayrı-seçkilik qoymadan tətbiqinə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsinə, ədalətin qorunmasına əsaslanmalıdır. Vurğulanıb ki, bu, hamımızın nail olmağa çalışdığı sülhü və anlaşmanı bərpa etmək və qorumaq üçün ön şərtdir.

Milli Məclisin sədri parlament diplomatiyasının artan əhəmiyyətinə toxunaraq, parlamentlərin sülh və qarşılıqlı anlaşmaya nail olmaqda rolu barədə fikirlərini bölüşüb. O deyib ki, parlament diplomatiyası qlobal problemlərin həllində çoxtərəfliliyin və beynəlxalq əməkdaşlığın qorunub saxlanılmasının hər zamankından daha vacib olduğu mövcud beynəlxalq çətinliklər kontekstində ölkələrarası əlaqələrdə mühüm amilə çevrilib. Onun sözlərinə görə, daha geniş bir perspektivdən baxılmalı olan sülh və təhlükəsizlik problemlərinə qarşı parlamentləri təkbaşına bir vasitə kimi görmək həddindən artıq nikbinlik olardı. Lakin dialoqun sülh üçün əsas tələb olması konsepsiyasını nəzərə alsaq, parlamentlər sülhə və qarşılıqlı anlaşmaya körpü salmaq üçün effektiv əlavə mənbəyə çevrilirlər. Xalqın nümayəndələri olaraq parlamentlər etimad, təhlükəsizlik və sülh içində dinc birgə yaşamaq kimi məsələlərin həllinə mühüm töhfələr verə bilərlər.

Sahibə Qafarova bu kontekstdə PAİ rəhbərliyinin, xüsusən də baş katib Martin Çunqonqun Azərbaycan və Ermənistan parlamentlərinin spikerlərinin ilk görüşü üçün platforma təqdim etməsində rolunu yüksək qiymətləndirib. O bildirib ki, bu gün hər iki ölkə sülhə əvvəlkindən daha yaxındır. İki ölkənin parlamentləri arasında bu cür görüşlər konstruktiv müzakirələr üçün faydalı mexanizm olacaq.

Spiker Sahibə Qafarova xüsusilə söyləyib ki, bəyan edilmiş hədəflərindən yayınan digər bəzi parlamentlərarası təşkilatlardan fərqli olaraq PAİ dialoq baxışına sadiq qalır və tərəflər arasında təmaslara körpü yaratmaq kimi mühüm rol oynayır.