Türkiyədə seçkilərə 4 gün: Partiyalarda qadın və kişi namizədlər...


Türkiyə martın 31-də keçiriləcək yerli seçkilərə hazırlaşır. Bələdiyyə sədrliyinə namizədlərin qeydə alınması prosesi artıq yekunlaşıb. Ölkənin Ali Seçki Komissiyası (YSK) namizədlərin cinsinə görə bölgüsü ilə bağlı məlumatları açıqlayıb. YSK məlumatları əsasında bələdiyyə seçkilərində iştirak edən 12 əsas siyasi partiyada qadın namizədlərin nisbətləri hesablanıb.
 
Təkcə bir kişi namizəd irəli sürən Güc Birliyi Partiyası və üç kişi namizədi olan Aydınlıq Demokratiya Partiyasından başqa, seçkiyə qatılan partiyalar arasında ən az qadın namizəd iqtidar partiyasındadır. "Medyascope"un məlumatına görə, qadın namizəd nisbətində 3,13 faizlə sondan üçüncü partiya HÜDAPAR olsa da, bu partiya yalnız rayonlarda (ilçe) qadın namizəd çıxarıb, vilayətlərdə (il) qadın namizədi yoxdur.
 
Partiyaların namizəd irəli sürdüyü namizədlərin ümumi sayı da bir-birindən fərqlənir. Bu baxımdan namizədlərin cinsinə görə nisbətinə faiz etibarilə nəzər yetirmək müqayisə aparmaq üçün əsas alətdir. Cümhur İttifaqının əsas tərəfdaşı olan AKP-nin elan etdiyi 1238 namizəddən 27-si qadın, 1211-i kişidir. İttifaqın digər ortağı olan MHP-də 805 namizəddən 21-i qadın, 784-ü kişidir.
 

 
İttifaqdakı digər partiyalara gəlincə, HÜDAPAR-ın cəmi 734 bələdiyyə sədrliyinə namizədi arasında 23 qadın və 711 kişi namizədi var. Yenidən Rifah Partiyasının bələdiyyə sədrliyinə ümumilikdə 1240 namizədi var ki, qadın namizədlərinin sayı 50, kişilərin sayı isə 1190 təşkil edir. Müvafiq olaraq, qadın namizəd nisbətləri AKP-də 2,18 faiz, MHP-də 2,6 faiz, HÜDAPAR-da 3,13 faiz, Yenidən Rifahda isə 4,03 faiz olub.
 
Müxalifətin keçmiş Millət İttifaqında Cümhuriyyət Xalq Partiyasının (CHP) bələdiyyə sədrliyinə 103 qadın və 1009 kişi olmaqla ümumilikdə 1112 namizədi var. 2019-cu ildə keçirilən yerli seçkilərdə CHP Türkiyə üzrə ümumilikdə 49 qadın namizəd irəli sürmüşdü. Beləliklə, CHP builki seçkilərdə ötən seçkilərdəki qadın namizəd sayının iki qatı qədər qadın namizəd irəli sürüb.
 
Keçmiş ittifaqın digər ortağı olan İYİ Partiya isə Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünü vurğulayaraq, 100 qadın namizəd irəli sürüb. İYİ Partiyanın 951 namizədindən 851-i kişi olub. CHP-nin qadın namizəd faizi 9,26, İYİ Partiyanınkı isə 10,51 təşkil edib.
 

 
Kürdyönümlü Xalqların Bərabərlik və Demokratiya Partiyası - DEM Partiya (keçmiş HDP) həmsədrlik sistemi ilə bütün seçki dairələrində bir qadın və bir kişi namizəd elan etsə də, YSK-ya bildirilən rəsmi namizədlərdən cəmi 145-i qadın namizəddir. Yəni DEM Partiyanın rəsmi irəli sürülmüş 468 bələdiyyə sədrliyinə namizədindən 323-ü kişidir. Beləliklə, rəsmi məlumatlara görə, DEM Partiyada qadın namizədlərin nisbəti 30,98 faiz olub.
 
Nisbətən kiçik partiyalara nəzər yetirdikdə aydın olur ki, keçmiş Millət İttifaqının digər ortaqlarından Səadət Partiyasının cəmi 1266 namizədindən 46-sı, Gələcək Partiyasının 120 namizədindən 12-si, DEVA Partiyasının 538 namizədindən 82-si qadındır. Ultra-sağçı Zəfər Partiyasının 721 namizədindən isə 106-sı qadın namizəd olub. Faiz etibarilə Səadət Partiyasında qadın namizədlər 3,63 faiz, Gələcək Partiyasında 10 faiz, DEVA Partiyasında 15,24 faiz, Zəfər Partiyasında 14,7 faiz qadın namizəd rəqabət aparacaq.
 
Faiz etibarilə ən çox qadın namizəd çıxaran partiya isə Türkiyə Fəhlə Partiyası (TİP) olub. TİP-in 55-i qadın, 91-i kişi olmaqla 146 seçki dairəsində namizədi irəli sürülüb. Beləliklə, qadın namizəd nisbəti ən yüksək olan partiya 37,67 faizlə TİP olub.