Ərdoğan Rusiyadakı terrordan DANIŞDI
PKK terror təşkilatı Ankaranın düşmənlərinin bu günlərdə Rusiyada törədilmiş bənzər qanlı hadisələri Türkiyədə təşkil etmək üçün müraciət edəcəkləri ilk ünvandır.
Bunu Prezident Rəcəb Tayyib Ərdoğan bu gün Diyarbəkir vilayətindəki mitinqdə deyib.
Türkiyə lideri “Crocus City Hall”dakı hadisələri qəddarlıqla törədilmiş terror aktı adlandırıb.
“Biz hamımız bu günlərdə Rusiyada törədilmiş qəddar terror aktının şahidi olduq. Hər gün Türkiyədə belə hadisələr təşkil etməyə çalışanlar, ilk növbədə, əlbəttə ki, PKK terrorçularına müraciət edəcəklər”, – deyə Rəcəb Tayyib Ərdoğan bildirib.
Onun sözlərinə görə, güc strukturlarının uğurlu əməliyyatları PKK yaraqlılarının Türkiyənin sərhədləri daxilində aktiv fəaliyyət göstərmək imkanlarını minimuma endirib.
Türkiyə Prezidenti digər terror təşkilatı olan İŞİD-i isə “imperialistlərin əlində oyuncaq” adlandırıb. O əlavə edib ki, bu gün Türkiyənin yerləşdiyi bölgədə böhran və ya silahlı münaqişələrlə üzləşən bir çox dövlətlər var.
“Yaranmış vəziyyətdə Türkiyədə sabitliyin pozulmasının qarşısını almaq, ölkənin təhlükəsizliyini və inkişafını təmin etmək son dərəcə zəruridir”, – deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.