Daxili işlərimizə müdaxilə cəhdləri tamamilə qəbuledilməzdir - İlham Əliyev Blinkenə
Dünən ABŞ Dövlət katibi Antoni Blinkenlə Prezident İlham Əliyev arasında telefon danışığı ilə əlaqədar ABŞ tərəfindən verilmiş mətbuat açıqlamasında qeyd olunur ki, telefon danışığı zamanı müzakirə edilən məsələlərdən biri də insan hüquqları olub.
Prezidentin Mətbuat Xidmətindən AZƏRTAC-a açıqlamasında bildirib ki, telefon danışığı əsnasında bir çox məsələlərə, o cümlədən bu məsələyə də toxunulub.
"Prezident İlham Əliyev tərəfindən bildirilib ki, insan hüquqları məsələsini bəhanə edərək Azərbaycanın daxili işlərinə müdaxilə cəhdləri tamamilə qəbuledilməzdir. Bir sıra Qərb ölkələrinin bu məsələ ilə bağlı ikili standartlara əsaslanan qərəzli açıqlamalarını qəbul etmirik. Bu xüsusda dövlətimizin başçısı Dövlət katibi Antoni Blinkenə Ermənistanda müxalifət nümayəndələrinin həbsi, hətta həbs müddətində ölüm hallarının olması, insan hüquqlarının pozulması hallarını xatırladıb və bu kontekstdə Qərb ölkələrinin səssizliyinin başadüşülən olmadığını, bu kimi faktların məhz ikili standartların bariz nümunəsi olduğunu qeyd edib.
Prezident İlham Əliyev telefon danışığı zamanı, həmçinin tanınmış jurnalist Culian Assancın məhz jurnalist fəaliyyətinə görə uzun müddət fiziki və mənəvi işgəncələrə məruz qalması məsələsini bildirmişdir. Culian Assancın ABŞ-a ekstradisiya edilmək və edam olunmaq məsələsinin müzakirə edildiyini vurğulamışdır. Dövlətimizin başçısı onu da əlavə etmişdir ki, insan hüquqları məsələsinə təkcə lokal deyil, bütövlükdə qlobal kontekstdə baxılması zəruridir", - açıqlamada deyilir.