Ermənilər qovmuşdu, Azərbaycan isə... - Şevçenko
Erməniləri Qarabağdan heç kim qovmayıb. Azərbaycan dəfələrlə təminat verib ki, ermənilər Qarabağda yaşaya, mədəni və dini muxtariyyətə sahib ola bilərlər. Ona görə də ermənilərin Qarabağdan getmələri onların öz qərarları idi.
Bunu rusiyalı politoloq Maksim Şevçenko Ermənistanın “Van” radiosuna müsahibəsində deyib.
“Ermənilərin 90-cı illərdə Azərbaycandan getməsi böyük faciə idi. 300-350 min azərbaycanlının Ermənistandan getməsi böyük faciə idi. İnsanlar əsrlər, minilliklər boyu yaşadıqları vətəndən məhrum oldular. Birinci müharibə zamanı Qarabağda baş verənlər isə etnik təmizləmə idi. Əraziləri işğal edərək bu insanları sadəcə olaraq şərqə tərəf qovdular. Azərbaycan kəndləri, qəbirləri, məscidləri dağıdıldı. Bu, etnik təmizləmə idi. Etnik təmizlənmənin dayandırılması və insanların qovulduqları yerlərə qaytarılması mənə görə doğrudur. Etnik təmizləmə qorxunc cinayətdir. Fərq ondadır ki, 2023-cü ildə ermənilərə heç kim “buradan gedin” demədi, amma azərbaycanlılara “hələ imkanınız varsa, qaçın” demişdilər”, - Şevçenko bildirib.