UEFA “Barselona” klubunu cərimələyib
UEFA İspaniyanın “Barselona” klubunu cərimələyib.
Buna UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində Fransa təmsilçisi PSJ ilə oyunda azarkeşlərin davranışı səbəb olub.
Kataloniyalıların fanatları komandalarının 1:4 hesabı ilə məğlub olduqları cavab qarşılaşmasında rəqibin futbolçusu Usman Dembeleyə qarşı irqçi jestlər edib, şüarlar səsləndiriblər. Parislilər buna görə UEFA-ya şikayət məktubu göndəriblər.
Qitə futbol qurumu “Barselona”nı 32 min avro cərimələyib. Eyni zamanda ispanların ÇL-in bir səfər görüşü üçün bilet satışına şərti qadağa qoyulub. Azarkeşlər qarşıdakı bir il ərzində bu hərəkəti təkrarlasalar, komanda turnirdəki növbəti səfər görüşünü azarkeş dəstəyi olmadan keçirəcək.
Qeyd edək ki, iki oyunun cəmində PSJ-yə 4:6 (3:2, 1:4) hesabı ilə məğlub olan “Barselona” mübarizəni dayandırıb.