İddiaçılar Turniri: Nicat Abasov bu gün Hindistan şahmatçısı ilə qarşılaşacaq
Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində bu gün növbəti görüşünə çıxacaq.
28 yaşlı qrossmeyster XIII turda Vidit Santoşla (Hindistan) üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Abasov qara fiqurlarla oynayacaq. O, hazırda 3 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb. Santoş isə 6 xalla beşinci yerdədir.
Qeyd edək ki, yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.