Zelenski Baydenlə Ukraynaya hərbi yardımı müzakirə edib
ABŞ Prezidenti Cozef Bayden ukraynalı həmkarı Volodimir Zelenskini əmin edib ki, ABŞ-nin hərbi yardım haqqında qanun layihəsi senatda da təsdiqlənərsə, onu dərhal imzalayacaq.
Bu barədə Ukrayna lideri Volodimir Zelenski teleqramda bildirib.
“ABŞ Prezidenti Cozef Baydenlə Nümayəndələr Palatasındakı səsvermənin nəticələrini müzakirə etdim. Prezident əmin etdi ki, Senat tərəfindən təsdiqlənərsə, o, qanunu dərhal imzalayacaq. Mən Co Baydenə Ukraynaya və əsl qlobal liderliyə göstərdiyi azalmayan dəstəyə görə minnətdaram”, – Zelenski söyləyib.
Dövlət başçısı deyib ki, o, qanun layihəsinə ikipartiyalı dəstəyi və spiker Mayk Conson və azlıqların lideri Hakim Ceffrisin şəxsi rollarını da qeyd edib.
Zelenski Baydenlə danışığında Xarkovdakı teleqülləyə endirilmiş zərbədən də bəhs edib.
“Həmçinin ikitərəfli təhlükəsizlik razılaşmasının imzalanması və qarşıdan gələn Sülh Sammitinə hazırlıq məsələlərini də müzakirə etdik”, – Ukraynanın dövlət başçısı əlavə edib.
Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya yardım üçün 61 milyard dolların ayrılmasını təsdiqləyib. Daha sonra qanun layihəsi əksəriyyətin Ukraynaya yardımı dəstəklədiyi Senata ötürüləcək.