Ötən gecə paytaxtda baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.
AzBaku.info Xəzər TV-yə istinadən məlumatına görə, hadisə ev mübahisəsi zamanı olub. Ev üstündə ərlə-arvad arasında düşən mübahisə ağır cinayətə səbəb olub.
Kişi həyat yoldaşının başını kəsərək onu amansızlıqla qətlə yetirib. Hadisə gecə saatlarında paytaxtın Binəqədi rayonu 3-cü mədən, ev 61 ünvanında qeydə alınıb. 52 yaşlı Rasim Çəltikov ailə münaqişəsi zəminində həyat yoldaşı, 50 yaşlı Arifə Çəltikovaya boğaz nahiyəsindən bıçaqla xəsarət yetirib. Qadın çoxlu qan itirdiyindən hadisə yerində ölüb.
Rasim Çəltikov cinayəti törətdikdən sonra hadisə yerindən qaçıb. Hadisə barədə hüquq mühafizə orqanlarına məlumat verilib. Polis və prokurorluq əməkdaşları Rasim Çəltikovu Rusiyaya qaçmaq istəyərkən sərhəddə yaxalayıblar.
Rasim Çəltikovun atası Qara Çəltikovun sözlərinə görə, oğlu yaşadıqları evi sataraq gəlini ilə birlikdə Rusiyaya getmək istəyib. Lakin mərhum Arifə Çəltikova həyat yoldaşının bu fikri ilə razılaşmayıb. Ailə üzvlərindən xəbərsiz evi başqa şəxsə satan Rasim Çəltikov arvadı ilə Rusiyaya getmək üstündə yenidən mübahisə edib, elə hadisə də bu zaman olub. Daha sonra isə o, pulları götürərək qaçıb.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.