Vəzifəli şəxslərin siyahısı genişləndirildi
“Hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik edilib.
Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Siyahıdan ləğv edilən Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin idarə rəisləri, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi rəisinin müavini və departament rəisləri çıxarılıb, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin idarə rəisləri, Xidmətin Milli Qvardiyası komandanının birinci müavini daxil edilib.
Eyni zamanda siyahıya Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisləri və Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin idarə rəisləri də daxil edilib.
Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısından isə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin vəzifəli şəxsləri çıxarılıb, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti üzrə aşağıdakı vəzifəli şəxslər daxil edilib:
- idarə rəislərinin müavinləri;
- müstəqil şöbələrin rəisləri;
- Milli Qvardiya komandanının müavinləri.
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti üzrə isə siyahıya aşağıdakılar daxil olunub:
- baş idarə rəislərinin müavinləri;
- idarə rəisləri və onların müavinləri;
- müstəqil şöbələrin rəisləri.
Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi üzrə aşağıdakı şəxslər siyahıda yer alıb:
- idarə rəislərinin müavinləri;
- müstəqil şöbələrin rəisləri.