Fazil Mustafa: Mədəniyyət və incəsənətə dövlət büdcəsindən ayrılan vəsait çox azdır
Mədəniyyət və incəsənət sahəsinə dövlət büdcəsindən ayrılan vəsait çox azdır.
Bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa parlamentin mayın 31-də keçirilən yaz sessiyasının son plenar iclasında çıxışı zamanı deyib.
Komitə sədri bildirib ki, bu sahə üçün ayrılan 198 milyon manatlıq vəsait az hesab olunmalıdır: “Mədəniyyət sferasında çalışan insanların böyük əksəriyyəti çox aşağı əməkhaqqı alır. Vəsaitin az olması da bu cür yaradıcı potensialın ölkədə aşağı düşməsinə gətirib çıxarır”.
F.Mustafa, eyni zamanda publik hüquqi şəxslərlə bağlı məsələdə ciddi islahata ehtiyac olduğunu deyib: “Düşüncə dəyişməlidir. 2022-ci ildə 40 publik hüquqi şəxs yaradılıb və bunun üçün 442 milyon manat vəsait ödənilib. Bunun iqtisadi mahiyyəti dövlətin büdcə yükünü azaltmaqdır. Amma əksinə, get-gedə büdcə yükü artır. Demək ki, bu sistemin yaradılmasının məqsədəuyğunluğuna bir daha baxılmalıdır. Dövlət sifarişlərinin əksəriyyətinin öhdəliklərini publik hüquqi şəxslər yerinə yetirə bilmirlər”.