Arif Əsgərovun baldızı oğlu məhkəmə qarşısına çıxarılıb
Dekabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan "Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq sədri, nəqliyyat nazirinin müavini Arif Əsgərovun baldızı oğlu Rahib Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam edib.
Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Tovuz Rayon İcra Hakimiyyəti başçısı Tofiq Zeynalovun oğlu Qoşqar Zeynalov ifadə verib. R.Hüseynovla qohum olduqlarını deyən Q.Zeynalov bildirib ki, R.Hüseynov bir gün ona iş qurmağı təklif edib:
"Mənə dedi ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə yataq dəstləri lazımdır. Bunu da xaricdən gətirmək üçün pul lazımdır. 20 faiz qazancdan 10 faiz mənə çatacaqdı. Mən də dedim ki, hazırda məndə pul yoxdur, ancaq mən dostumdan alıb verərəm. Bu yolla ona hissə-hissə 7 milyon manatdan çox pul vermişəm. Sonra bir hissəsini qaytardı. Hazırda mənə vurulan ziyan 3 milyon 925 min manat təşkil edir".
R. Hüseynov isə deyib ki, Q.Zeynalova gələn gəlirədən 3 milyon 200 min manat pul verib.
İclasda zərərçəkmiş şəxsin vəkili Rəna Məmmədova vəsatət verərək, təqsirləndirilən şəxsin barəsində ev dustaqlığı qətimkan tədbirinin ləğv edilərək, həbs qətimkan tədbiri ilə əvəz olunması haqqında vəsatət verib.
Hakim vəsatətə növbəti prosesdə baxılacağını deyib. Proses dekabrın 29-da davam etdiriləcək.
İttihama görə, R.Hüseynov külli miqdarda dələduzluqda təqsirləndirilir. Onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
R. Hüseynovun digər qardaşı Emil Hüseynov barəsində də hazırda cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.
İttihama görə, E.Hüseynov vətəndaş Tural Hüseynovun etibarından sui-istifadə edərək, ondan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat, Emil Məmmədovdan 2 milyon 500 min dollar və Mərziyyə Rzayevadan isə 19 500 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Həmin şəxslərin hüquq-mühafizə orqanlarına şikayətindən sonra cinayət işi başlanılıb. Cinayət materiallarına əsasən, E.Hüseynov Gürcüstan Respublikasından izolyasiya və digər materiallar gətirmək adı ilə həmin vətəndaşları aldadıb.
O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.
E.Hüseynov 2016-cı ilin dekabr ayında "İnrerpol" xətti ilə Qazaxıstanda həbs edilərək Azərbaycana təhvil verilib.
Barəsində həbs qətimkan tədbiri seçilən E.Hüseynov məhkəməyə müraciət edib. O, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib. Səbail Rayon Məhkəməsi vəsatəti təmin edib, E.Hüseynovun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
xeberman.com