25 yaşdan öncə ata olan kişiləri gözləyən TƏHLÜKƏ
Atalığın kişilərin ürək sağlamlığına mənfi təsiri müəyyən edilib.
Övlad sahibi olanların ürək sağlamlığının uşaqsız kişilərdən daha pis vəziyyətdə olduğu aşkarlanıb.
Qeyd edilir ki, ürək-damar xəstəlikləri bütün dünyada ölümün əsas səbəbidir. Uşaq sahibi olmağın qadınların sağlamlığına necə təsir etdiyinə dair araşdırmalar aparılarkən, çoxlu doğuşun ürək xəstəliyi riskini artırdığı məlum olub. Digər tərəfdən, uşaq sahibi olmağın kişilərin ürək sağlamlığına necə təsir etdiyinə dair hərtərəfli araşdırmalar yox dərəcəsindədir.
Bunun bir səbəbi də uşaq sahibi olmağın qadınlara birbaşa fizioloji təsir göstərməsi ola bilər. Ancaq ailənin ümumi sağlamlığı üçün ataların sağlamlığının da önəmli olduğunu bildirən ABŞ tədqiqatçıları yeni araşdırmalarında məhz bu mövzuya diqqət yetiriblər.
Komanda Aterosklerozun Multi-Etnik Tədqiqi adlı uzunmüddətli bir araşdırmadan istifadə edərək müxtəlif etnik mənsubiyyətlərdən olan, 45-84 yaş arası 2 814 kişinin məlumatlarını araşdırıb. İştirakçıların 82 faizini atalar təşkil edib.
“AJPM Focus” jurnalında dərc edilən araşdırma çərçivəsində iştirakçıların pəhrizi, məşq vərdişləri və siqaret aludəçisi olub-olmadıqları, həmçinin bədən kütlə indeksi, qan təzyiqi və xolesterin səviyyələri qiymətləndirilib. Beləliklə, alimlər ata olanların ürək sağlamlığının uşaqsız kişilərdən daha pis vəziyyətdə olduğunu müəyyən ediblər.
25 yaşından əvvəl uşaq sahibi olan ataların vəziyyətinin daha pis olduğu anlaşılıb. Ancaq bu xüsusilə qaradərili və ispan kişilər üçün daha çox keçərli olub.
Tədqiqatçılar bunun atalığın sağlam həyata əngəl törətməsi ilə bağlı ola biləcəyini düşünürlər.
Məqalənin müəlliflərindən biri olan Dr. Con Ceyms Parker bunları söyləyib:
“Ürək sağlamlığındakı fərqlər göstərir ki, uşaq baxımının əlavə məsuliyyəti və atalığa keçid stresi kişilərin sağlam qidalanaraq və idman edərək sağlam həyat tərzi keçirməsini çətinləşdirir.
25 yaşından əvvəl ataların ölüm nisbətləri də yüksəkdir. Ancaq bunu maddi sıxıntılar, işdən başqa heç nəyə vaxt ayıra bilməmək, beynin yetərincə "yetişməməsi" kimi amillərlə izah edə bilərik. Xüsusilə etnik azlıqların daha az maaşlı işlərdə çalışması da bu qrupda müşahidə olunan nəticələrdə əhəmiyyətli faktor ola bilər”.
Digər tərəfdən, araşdırma ataların hər hansı bir səbəbdən ölmə ehtimalının uşaqsız kişilərə nisbətən daha az olduğunu da üzə çıxarıb. Bu isə onların ətrafdan daha çox dəstək alması və yaşlandıqca onlara baxa biləcək övladlarının olması ilə əlaqələndirilib.
Həmçinin ataların depressiya əlamətləri ata olmayanlara nisbətən daha azdır. Bu da göstərir ki, psixi sağlamlıq atalarda ölüm nisbətlərinin azalmasına kömək edir.
Tədqiqatın nəticələri birbaşa səbəb-nəticə əlaqəsini təmin etmir. Tədqiqatçılar bildirirlər ki, bu sahədə daha çox iş görülməlidir.(Medicina)