Binəqədi sakinlərinə BƏD XƏBƏR: bu marşrut xətti ləğv edildi

Marşrut xətlərinin optimallaşdırılması tədbirləri çərçivəsində 155 nömrəli marşrut xətti (metronun “Azadlıq” stansiyası – Mehdiabad qəsəbəsi – Fatmai qəsəbəsi) ləğv edilib.

Bakı Nəqliyyat Agentliyindən Publika.az-a verilən məlumata görə, həmin marşrut xətti üzrə sərnişinlərin daşınması 108 nömrəli marşrut xətti ilə hərəkət edən avtobuslar vasitəsi ilə təmin ediləcək.

“Sərnişin axını nəzərə alınaraq, ləğv edilən 155 nömrəli marşrut xətti üzrə mövcud olan nəqliyyat vasitələri 108 nömrəli marşrut xəttinə əlavə olunmaqla xətt üzrə avtobus sayı artırılacaq. Bununla yanaşı 170 nömrəli (metronun “Memar Əcəmi” stansiyası – Binəqədi qəsəbəsi) müntəzəm marşrut xəttinin daşıyıcısı dəyişdirilib. Dəyişiklik edilməsinə səbəb, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq daşıyıcının fəaliyyətində yol verdiyi nöqsanları aradan qaldırmayaraq qoyulan tələblərə əməl etməməsidir”.

Agentlikdən bildirilib ki, müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyətinə dair tələblərə əməl etməyən, o cümlədən sərnişinlərə rahat və təhlükəsiz xidmətin göstərilməsini təmin etməyən daşıyıcılar barəsində də analoji addımlar atılacaq.