Tufandağda itkin düşənlərdən biri DİN "mətbuat xidmətinin əməkdaşıdır"

Qubanın Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxmış "Gilavar" - hava və ekstrim idman klubunun 3 üzvü geri qayıtmayıb
Tufandağda itkin düşənlərdən biri Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşıdır.

Bunu BBC Azərbaycancaya Nazirliyin mətbuat xidmətindən xəbər veriblər.

DİN-in sözçüsü Orxan Mansurzadə deyib ki, Babur Hüseynov daxili işlər orqanında işə qəbul olunmazdan əvvəl də ekstrim idmanla məşğul olurmuş.

"O, xidmətdən kənar vaxtı- istirahət günündə iki yoldaşı ilə birlikdə Qubaya gedib və dağlarda olan pis hava şəraitində itkin düşüb", Orxan Mansurzadə deyib.

Dekabrın 23-də Azərbaycanda Tufandağ ətrafına səfər edən 3 gənc itkin düşüb. Onlar "Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Namiq Bünyadov, Babur Hüseynov və Fəridə Cəbrayıldır.

Hazirda helikopterlərlə axtarış aparılır, klubdan BBC Azərbaycancaya bildiriblər.

Tufandağda son günlərdə şaxtalı hava şəraiti müşahidə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin proqnozlar bürosunun rəhbəri Gürşad Məmmədova BBC Azərbaycancaya bildirib ki, iki gün əvvəl havanın temperaturu mənfi 10-13 dərəcəyə düşüb, 26-da isə 17 dərəcə şaxta olub:

"Küləyin sürəti saniyədə 2-5 metrə çatıb, dünəndən isə sürət saniyədə 7-10 metrə çatıb. Amma külək bütün günü olmayıb, bəzi saatlarda zəifləyib. Havanın sonrakı bir neçə gündə də şaxtalı, küləkli olacağı gözlənir".

Fövqəladə Hallar Nazirliyinin çərşənbə günü yaydığı məlumata görə, Qubanın Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxmış "Gilavar" - hava və ekstrim idman klubunun 3 üzvü geri qayıtmayıb və onlarla əlaqə kəsilib.

Xınalıqdan Rasim adlı sakin BBC Azərbaycancaya bildirib ki, dekabrın 23-də onları Tufandağ istiqamətində aparıb, sonradan onlar dəstə rəhbərlərinə dərədə olduqlarını və çadır qurduqlarını söyləyiblər.

Amma sonradan onlarla əlaqə kəsilib, - surücü deyib. O əlavə edib ki, klub üzvlərini axtaran dəstəyə bələdçilik edərək xilasediciləri gənclərin maşından düşdükləri yerə aparıb.

"Gilavar" - hava və ekstrim idman klubu Facebook səhifəsində məlumat yayaraq bildirib ki, klubun üzvləri Şahyaylaq, Mahmuddərə marşrutu üzrə hərəkət ediblər: "Dostlarımız olduqca təcrübəlidirlər və əminik ki, hər şey qaydasındadır", açıqlamada bildirilib.

"Cavan" Gənclər Hərəkatı İctimai Birliyi və Azərbaycan Skautlar Assosiasiyası itkin düşmüş gənc alpinistlərin axtarışı üçün könüllüləri təcili səfərbərliyə çağırır. İlkin tibbi yardım, Xilasetmə və Qış dağçılıq təcrübələrinə malik olan könüllülərin axtarış-xilasetmə işlərinə cəlb olunması üçün social çəbəkədə elan elan verilib.

Məlumatı BBC Azərbaycan xidmətinə təsdiqləyən ictimai birliyin mətbuat xidmətindən məsul olan Teymur Əliyev bildirib ki, bu ictimai təşəbbusdür dövlət qurumları onsuz da öz işlərini görürlər.

Məqsəd odur ki, bacarığı olan şəxslər alpinistlərin tapılmasına kömək etsinlər.

Hazırda Xınalıqda olan əməkdaşımız Tufandağ istiqamətində vertolyot ucduğunu müşahidə edib.

(xeberdar.net)