Aİ-nin Ermənistana ayırdığı milyonlar - sülhə qarşı atılan addım - ŞƏRH
Avropa İttifaqı (Aİ) Şurası iyulun 22-də Avropa Sülh Fondundan (EPF) Ermənistan ordusuna 10 milyon avro dəyərində yardım paketini qəbul edib. Məsələnin mahiyyətini təhlil etməzdən əvvəl onu deyək ki, sözügedən fond 2021-ci ildə yaradılıb. Aİ-dən maliyyələşən qurumun məqsədi guya dünyanın müxtəlif regionlarında sülhə xidmət etməkdir. Reallıqda isə məsələ fərqlidir.
İş orasındadır ki, Aİ özü tamamilə qərəzli qurumdur. Cənubi Qafqazdakı proseslə yalnız öz maraqları kontekstindən yanaşır, Ermənistanı silahlandıraraq regional sabitliyin təmin olunmasının qarşısını alır. Bunu sübut etmək üçün təkcə onu demək kifayətdir ki, Aİ özü və ittifaqa daxil olan fərqli ölkələr Ermənistanı silahlandırır, ondan alət kimi istifadə edir. Burada Fransanın mövqeyi xüsusi qeyd edilməlidir.
Məqsəd aydındır: Ermənistanı şirnikləndirmək, öz tərəfinə çəkmək və sonra əmrlər vermək. Yəni Aİ bir növ “kökə və qamçı” siyasətini tətbiq edir.
Avropa Sülh Fondunun Ermənistana 10 milyon avro dəyərində yardım paketini təsdiqləməsi də əslində bu siyasətin tərkib hissəsidir. Sual yaranır; Bakı ilə İrəvan arasında birbaşa təmasların intensivləşdiyi və bu təmaslar müəyyən nəticələrin əldə olunduğu, regional sülhə mane olan məqamların tədricən azaldığı bir vaxtda bu yardım nəyə lazım idi? Özü də nəzərə almaq lazımdır ki, bu, humanitar yox, hərbi yardımdır. Yəni Ermənistan sözügedən vəsaitdən hərbi yardımlar üçün istifadə edəcək.
Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa Sülh Fondunun Ermənistana ayırdığı vəsaitlə bağlı yaydığı bəyanatda rəsmi Bakının mövqeyi çox aydın ifadə olunub. Vurğulanıb ki, Ermənistana ayrılan hərbi yardım bölgədə destruktiv fəaliyyətə xidmət edəcək: “Avropa İttifaqı tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır, bölgədə “bölücü xətlər” yaratmaq siyasətinin təzahürüdür. Ermənistana sözügedən hərbi yardım və belə yardımın gələcəkdə artmasına çağırışlar Azərbaycan Respublikasının ərazilərinin bir hissəsini 30 ilə yaxın dövrdə işğal altında saxlayan, hazırda da ərazi bütövlüyümüzə qarşı iddialardan əl çəkməyən Ermənistanın hərbi potensialını gücləndirməyə və bölgədə destruktiv fəaliyyətinə xidmət edəcək”.
Həmçinin, bildirilib ki, Ermənistanın sabitliyi pozan hər hansı mümkün təxribatına görə Avropa İttifaqı da məsuliyyəti bölüşəcək.
Maraqlıdır ki, bu yardım ayrılmazdan bir gün əvvəl, yəni iyulun 21-də uzun fasilədən sonra yenidən atəşkəs pozuldu, Ermənistan tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin Kəlbəcər istiqamətindəki mövqeləri atəşə tutuldu.
Eyni zamanda, bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan Britaniyanın paytaxtı Londonda "Avropa Siyasi Birliyi"nin IV Zirvə görüşü çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməkdən imtina etdi.
Yəni yardım paketinin təsdiqlənməsi ərəfəsində həm siyasi, həm də hərbi təxribat baş verdi. Bu isə gələcəklə bağlı nikbin ehtimalları azaldır.
Hətta mümkündür ki, Aİ artıq Ermənistan qarşısında konkret şərt qoyub, tələblərini irəli sürüb. Əgər Aİ-nin maraqları olmasa, niyə bu qədər vəsaiti Ermənistana ayırsın? Və bu maraqlar birbaşa olaraq regional gərginliyə xidmət edir.
İstisna deyil ki, Ermənistan Aİ-dən aldığı “ürək-dirəklə” gələcəkdə destruktiv mövqeyini gücləndirəcək, hərbi-siyasi gərginliyi artıracaq, sülhdən yayınmağa çalışacaq. Bu isə rəsmi İrəvan üçün yaxşı nə isə vəd etmir. Belə demək mümkünsə, Aİ-nin təsir, təzyiq və təlqinlərinə məruz qalmaqla Ermənistan “ağrımayan başına duz bağlayır”.
Əgər İrəvan Qərbdəki “ağa”larına arxalanaraq hərbi-siyasi təxribatlarını davam etdirərsə, rəsmi Bakı müvafiq zəruri addımlar atmağa məcbur olacaq. Bu barədə xəbərdarlıq artıq edilib.(Report)