Davam edən İran-İsrail müharibəsi – maraqların qurbanı İsmayıl Haniyə - ŞƏRH
İran hakimiyyəti üçün iyulun 31-i yaddaqalan olacaq. Yeni seçilən Prezident Məsud Pezeşkian and içib. Onu təbrik etməyə gələnlər arasında HƏMAS Siyasi Bürosunun baş katibi İsmayıl Haniyə də olub.
Bundan bir gün əvvəl isə Məsud Pezeşkian Haniyə ilə görüşdə HƏMAS-ın apardığı mübarizəni dəstəkləyəcəklərini bildirib. Qarşı tərəf də göstərdikləri yardımla bağlı İrana təşəkkür edib. Bu görüşdən sonrakı gecə HƏMAS Siyasi Bürosunun baş katibi Tehranda mənzil qərargahında nöqtəvi raket zərbəsi nəticəsində ölüb. Hadisənin təfərrüatı hələ ki məlum deyil. Məsuliyyəti İsrail daxil olmaqla, heç kim üzərinə götürməyib.
Ancaq bu, HƏMAS-a çox ağır zərbədir. Hələ ki bu hadisə ilə bağlı şərhlər daxil olur. Fələstin dövlətinin başçısı Mahmud Abbas Haniyənin ölümünü sərt şəkildə qınayıb. Muxtariyyətin müxtəlif təşkilatları hadisə ilə bağlı etiraz aksiyası keçirməyə hazırlaşır.
Yeri gəlmişkən, 2023-cü il oktyabrın 7-də HƏMAS İsrailə hücum edəndən sonra da o, İrana səfər edərək ölkənin ali rəhbəri Seyid Əli Xamənei ilə görüşmüşdü. Ümumiyyətlə, onun İran hakimiyyəti ilə müharibədən sonra tez-tez əlaqə saxladığına dair xəbərlər yayılırdı. Çünki HƏMAS, “Hizbullah” və husilərin fəaliyyətini Tehran koordinasiya edir.
HƏMAS bəyan edib ki, ölüm faktı regionda gərginliyi kəskin şəkildə artıracaq və cavabsız qalmayacaq. Yəmən husiləri bu hadisəni beynəlxalq normaların pozulması kimi dəyərləndirərək qisas alacaqlarını bildiriblər. Livan “Hizbullah”ı da İsmayıl Haniyəni öldürənlərə xəbərdarlıq edib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani isə bildirib ki, bu, İranla Fələstin əlaqələrini daha da gücləndirəcək.
Sual yaranır: İsmayıl Haniyənin öldürülməsi Qəzza zolağında müharibənin dayanmasına təsir göstərəcəkmi? Ötən həftə Fələstini təmsil edən təşkilatlar və qruplaşmaların iştirakı ilə HƏMAS-İsrail müharibəsindən sonra görüləcək işlərə dair Pekin qətnaməsi qəbul olunub. Həmin sənəddə İsrailin tanınması məsələsi də qeyd olunub. Çünki Fəth İsrailin tanınması tərəfdarı olsa da, HƏMAS hesab edir ki, “İsrail Fələstin torpaqlarında yaradılıb və o, məhv edilməlidir”. Bu təzadlı yanaşmaları ilə fələstinlilərin gələcəkdə birgə fəaliyyət göstərməsi qəbul olunub.
Ehtimal edilir ki, sərt çıxışlarına baxmayaraq İsmayıl Haniyə yeni atəşkəsin əldə olunması, danışıqlar prosesini kurasiya edib. Deməli, belə çıxır ki, Haniyə İsraillə danışıqların tərəfdarı olub. Qeyd edək ki, Qəzza zolağındakı hökumətlə yəhudi dövləti arasında 2006-cı ildə sonra silahlı hücum etməməyə dair razılaşma da olub. İsmayıl Haniyənin o vaxtlar Qəzza zolağına başçılıq etdiyini nəzərə alsaq, onda belə çıxır, baş katib rəsmi Tel-Əvivlə müəyyən anlaşma əldə edibmiş. Belə ehtimal olunur ki, bu anlaşmanı oktyabrın 7-də HƏMAS pozub. Belə bir şərait üçün onun öldürülməsinə dair başqa bir versiya da meydana çıxa bilər.
Qəzza zolağında İsrailə qarşı müharibəyə başçılıq etdiyi iddia olunan Yəhya Sinvar və Məhəmməd Deyf bu məsələdə fərqli mövqedən çıxış edir. Yəhya Sinvar bu yaxınlarda bildirib ki, Qəzza zolağından kənarda olan HƏMAS liderləri bu hərəkat adından danışa bilməz.
Bu baxımdan hərəkat daxilində İsmayıl Haniyənin lider kimi qəbul etməyənlərin də olduğu istisna edilmir.
İsrail hökuməti HƏMAS-ı “məhv edəcəklərini” dəfələrlə bildirib. Onlar hərəkatı İŞİD terror qruplaşması ilə eyniləşdirirlər. İsrail hökumətinin Baş naziri Benyamin Netanyahu bildirib ki, dünya İŞİD-i məhv etdiyi kimi, onlar da HƏMAS-ı zərərsizləşdirəcək. Müxtəlif dövlətlərin fərqli mövqelərdən sülh çağırışlarına baxmayaraq, İsrail ona qarşı olan bütün silahlı qruplaşmaları məhv etməyi qarşısına hədəf qoyub. O, Livanda “Hizbullah”, Yəməndə husilər, Qəzza zolağında HƏMAS, Suriyada İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) Qüds qolunun bazalarına zərbələr endirir.
Son günlər Yəməndə neft anbarı və husilərin hərbi düşərgəsinin, Livanda “Hizbullah”ın obyektlərinin vurulması da bunu təsdiqləyir. İsrail KİV-i bildirib ki, “Hizbullah” qərargahın rəisi, üçüncü komandiri Hacı Möhsün kimi tanınan Fuad Şukr Beyrut ətrafında İsrail hava qüvvələrinin hücumu nəticəsində öldürülüb. İsrail Livanın paytaxtı Beyruta hava zərbələri endirib.
İsrailin Livan və Yəməndə keçirdiyi son əməliyyatlar regionda silahlı qarşıdurmanı artıracağı, gücləndirəcəyi ehtimalını da artırır.
Ancaq bu savaşa regional və bölgədən kənar aktorların qoşulacağı gözlənilmir. Qəzza zolağında HƏMAS-ın bayraq edildiyi müharibənin bir tərəfində İsrail, ABŞ və onun müttəfiqləri, qarşı tərəfdə isə İran, Suriyadakı Bəşər Əsəd hakimiyyəti, Şimali Koreya, Rusiya və Çin durur. Əsas döyüşənlər isə İsrail və İrandır. Onlara əlavə dövlətlərin qoşulacağı ehtimalı isə indiki şəraitdə gözlənilmir. Çünki istənilən dövlətin, hətta İranın belə İsrailə qarşı açıq savaşa girişi ona qarı müharibə sayılır. Odur ki, İsmayıl Haniyənin ölümünün genişlənərək, İsraillə İran arasında açıq müharibə səviyyəsinə çatacağını gözləyənlər məyus olacaq.
Digər tərəfdən, İran İsrailə qarşı dörd ölkə - Yəmən, Livan, Fələstin və Suriya ərazisində müharibə aparır. İki ölkə arasında quru sərhədi olmadığından İran bu yolla özünü müdafiə edir.
Bu da İsrailin HƏMAS və İranın regiondakı başqa proksi qruplarına qarşı mübarizəni davam etdirəcəyini istisna etmir.
Ona görə də belə ehtimal edilir ki, İsmayıl Haniyəni İsraillə danışıqları idarə etdiyi üçün aradan götürüblər.
“Sky News” bildirib ki, Benyamin Netanyahunun ofisi İsrail nazirlərindən Haniyənin ölümünü şərh etməməyi xahiş edib.
İsmayıl Haniyənin Tehranda öldürülməsi İran hakimiyyətinin öz adamlarını qorumasında ciddi problemlərinin olduğu məsələ orta çıxır.
2020-ci ildə İraqda Sepahın Qüds qoşunlarının komandanı general Qasım Süleymani ABŞ tərəfindən öldürülüb, bu ilin aprelində Suriyanın paytaxtı Dəməşqdə İran konsulluğunun binasına hücum nəticəsində Sepahın yeddi üzvü, o cümlədən yüksək rütbəli briqada generalı Məhəmməd Rza Zahedi və onun müavini general Məhəmməd Hadi Hacı Rəhimi də ölüb. İran və Suriya zərbəyə görə İsraili günahlandırıb. Rəsmi Tel-Əviv diplomatik missiyanın binasını vurmadığını bildirib.
Mayın 19-da İran Prezidenti İbrahim Rəisinin göyərtəsində olduğu helikopterin müəmmalı şəkildə qəzaya uğraması da Tehran hakimiyyətinin təhlükəsizlik məsələsində problemlərin olduğuna nümunələrdən ola bilər.
İsmayı Haniyəni kim vurub? Vaxtı ilə HƏMAS Yaxın Şərqdə bütün terror qruplaşmalarına, o cümlədən İŞİD-ə qarşı mübarizə aparacağını bəyan etmişdi. O, bir müddət Qəzza zolağında Sinay yarımadasında fəaliyyət göstərib. Bu günlərdə isə HƏMAS-a qarşı mübarizə aparacağını bildirib.
Pezeşkianın andiçmə mərasimi günü bu hadisənin törədilməsi İran hakimiyyətinə və hökumətinə bir xəbərdarlıqdır. İslahatçı sayılan yeni prezident çıxışlarında Qəzza zolağına və HƏMAS-a dəstəyi daha da artıracaqlarını bildirmişdi. Hadisəndən sonra yaydığı başsağlığında İsmayıl Haniyəni “əl-Qüdsün azadlığı şəhidi” adlandırıb. Onun ali rəhbəri ayətullah Seyid Əli Xamənei də bu hadisənin cavabının “daha sərt olacağı” ismarışını verib.
ABŞ müdafiə naziri Lloyd Ostin Filippində keçirdiyi mətbuat konfransında bildirib ki, Vaşinqton HƏMAS lideri İsmayıl Haniyənin İranda öldürülməsindən sonra bölgədəki gərginliyi azaltmağa çalışır, hücum olacağı halda İsraili müdafiə edəcək. O, Yaxın Şərqdə böyük müharibənin qaçılmaz olmadığını qeyd edib.
Lloyd Ostin
Beləliklə, İsmayıl Haniyəni kim və niyə qətlə yetirib sualına bir neçə versiyada cavablandırmaq olar:
- İsraillə sülh danışıqlarına qarşı olan qüvvələr;
- İsmayıl Haniyənin liderliyinə çəkinərək HƏMAS-ın tərksilah olunmasının tərəfdarları;
- İranın təhlükəsizlik sisteminin zəif olmasının bir daha isbatlayanlar;
- Tehrana qüvvələrini qoruya bilməməsi xəbərdarlığını edənlər;
- İran Prezidenti Məsud Pezeşkiana ismarış çatıdıranlar;
- İsrailin müdafiə, təhlükəsizlik, kəşfiyyat sistemlərinin daha dəqiq işlədiyini göstərənlər;
- HƏMAS-ın xaricdəki liderlərinə xəbərdarlıq edənlər;
- Hərəkatla İsrail arasında danışıqların aparılmasını istəməyənlər;
- Pekin qətnaməsinə mane olanlar;
- Regionda sülhə mane olan başlıca mənbəyi göstərənlər;
- Terrorun və müharibənin Fələstinə faydasının olmayacağını isbatlayanlar;
- İranın yenidən regional münaqişədə başlıca rollarda birinin ifaçısı olduğunu bir daha ifşa edənlər;
- Yaxın Şərqdə böyük müharibənin başlaması tərəfdarı olanlar və s.
İsmayıl Haniyə öldürüldü. HƏMAS müharibəni davam etdirəcək. Xamənei, Pezeşkian, HƏMAS, “Hizbullah”, husilərin hadisə ilə bağlı açıqlamaları bunu təsdiqləyir. Müharibənin dayanması, Fələstinin siyasi təşkilatları və qrupları arasında barışın yaranması, onların İsraillə birbaşa, vasitəçisiz danışıqlar aparması Tehranın, onun arxasında duran güclərin maraqlarına uyğun deyil. Deməli, onlar Fələstin dövlətinin yaranmasına da maraq göstərmir. HƏMAS qruplaşması və bu ərəb ölkəsi onlara İsrailə, onun müttəfiqlərinə qarşı müqavimət göstərib, zərbəni özlərindən yayındırmaq üçün qalxandır. İsmayıl Haniyə də bu maraqların qurbanı olub.(Report)