Bu avtomobillər verilərkən onların nömrələrinin alınması çox sadə proses olur
Bəzi hallarda ölkə yollarında üzərində dövlət qeydiyyat nişanı olmayan avtomobilləri görmək olur. Bu hal əsasən əlillərə dövlət tərəfindən verilmiş avtomobillərdə müşahidə edilir. Həmin sürücülər cəmiyyətin və yol polisinin onlara qarşı hörmətdindən istifadə edərək avtomobillərini bu şəkildə idarə edirlər. Amma onların bu hərəkətləri elə öz yoldaşları tərəfindən də qınanır.
Üzərində dövlət qeydiyyat nişanı olmasa da, paytaxt yollarında rahat hərəkət edirlər. Hətta belə avtomobillə taksi fəaliyyəti ilə məşğul olan sürücülər də var. Belə avtomobilləri birləşdirən ortaq cəhət isə hər birinin dövlət tərəfindən əlillərə verilən avtomobillər olmasıdır. Qarabağ qazisi, jurnalist Rey Kərimoğlunun sözlərinə görə, əslində, bu avtomobillər verilərkən onların nömrələrinin alınması çox sadə proses olur. Bunun üçün sadəcə bir müddət gözləmək lazımdır.
Rey Kərimoğlunun sözlərinə görə, cəmiyyətdə və dövlət qurumlarında Qarabağ qaziləri, müharibə veteranları və əlillərə böyük hörmət göstərilir, amma bəzi şəxslər bundan sui-istifadə edirlər.
Sözügedən halla mübarizə aparan Qarabağ Qaziləri Təşkilatı avtomobili bu şəkildə idarə edən bir neçə sürücü ilə danışıqlar apararaq həmin sürücülərin dövlət qeydiyyat nişanı almasına nail olub.
Qeyd edək ki, qanunvericiliyə əsasən avtomobili dövlət qeydiyyatından keçirmədən idarə edilməsinə görə sürücüyə 50 manat cərimə tətbiq edilir. Bu cərimə hər 10 gündən bir yenidən tətbiq edilə bilər.