Allahşükür Paşazadə təltif edildi

 
Allahşükür Paşazadə təltif edildi


Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadəyə təbrik məktubu ünvanlayıb.

Təbrik məktubunu Azərbaycanda səfərdə olan Rus Pravoslav Kilsəsi Patriarxının nümayəndə heyətinin rəhbəri, Rus Pravoslav Kilsəsinin Xarici Əlaqələr şöbəsinin sədri Mitropolit Antoniy şeyxülislam Allahşükür Paşazadə ilə avqustun 26-da keçirilən görüşdə səsləndirib.

QMİ sədrinin səmərəli fəaliyyətini yüksək qiymətləndirən M.Antoniy şeyxülislamı ad günü münasibətilə təbrik edərək, onun din-dövlət münasibətlərinin yüksək səviyyədə aparılması, tərəqqi və əmin-amanlıq naminə səylərini yüksək qiymətləndirib.

M.Antoniy, həmçinin QMİ sədrini Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin adından Kiyev, Moskva və bütün Rusiya mitropoliti müqəddəs Aleksiy ordeni ilə təltif edib.