Tokayev: "TBNM-nin Avropa TEN-T ilə inteqrasiyası məsələsində Almaniyanın köməyinə ümid edirik"
Orta Dəhlizin gələcək inkişafı geniş investisiya perspektivləri açır və bu baxımdan Qazaxıstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM - Orta Dəhliz) Trans-Avropa Nəqliyyat Şəbəkələrinə (TEN-T) inteqrasiyası məsələsində Almaniyanın köməyinə ümid edir.
Bunu ölkə Prezidenti Kasım-Jomart Tokayev Astanada Mərkəzi Asiya və Almaniya liderlərinin görüşü zamanı deyib.
“Orta Dəhlizin gələcək inkişafı, o cümlədən Xəzər dənizi limanlarının modernləşdirilməsi və rəqəmsallaşdırılması, yük terminallarının tikintisi baxımından geniş investisiya perspektivləri açır. Mərkəzi Asiya və Avropanın nəqliyyat-logistika sistemlərinin gələcək inteqrasiyası aktual vəzifə olaraq qalır”, - o bildirib.
Prezident qeyd edib ki, Qazaxıstan avropalı tərəfdaşların Orta Dəhlizin inkişafı üçün “Qlobal Gateway” proqramı çərçivəsində 10 milyard avro vəsaitin ayrılması qərarını alqışlayır.
Xatırladaq ki, Orta Dəhliz kimi tanınan TBNM Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Avropa ölkələrinə qədər uzanır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti dəhlizin bir hissəsidir.
TEN-T Avropanı qərbdən şərqə və şimaldan cənuba avtomobil yolları, dəmir yolları, hava limanları və su infrastrukturları şəbəkəsi ilə birləşdirmək üçün nəzərdə tutulub.